Yeni bir araşdırmaya görə, avtonom süni intellekt agentləri bədii əsərlər və korporativ jarqonun qeyri-adi qarışığından ibarət yeni bir ingilis dili dialekti yaradıblar.
Elchi.az xəbər verir ki, Nyu-Yorkda yerləşən “Emergence” süni intellekt laboratoriyasının tədqiqatçıları müəyyən ediblər ki, eksperimental “cəmiyyətlər” daxilində əməkdaşlıq etmək tapşırığı verilən müxtəlif şirkətlərin modelləri, onlara əvvəllər heç vaxt öyrədilməmiş ifadələr, qısaltmalar və ortaq mənalar yaratmağa başlayıblar.
Həm poetik metaforaları, həm də ağır və qəliz biznes terminologiyasını mənimsəyən bu modellərin istifadə etdiyi dil, qarşılıqlı ünsiyyət prosesində getdikcə daha mürəkkəb və anlaşılmaz hala gəlib.
Ekspertlər bu vəziyyətin təhlükəsizliyə nəzarət baxımından ciddi risklər yaratdığını vurğulayır və qeyd edirlər ki, süni intellekt sistemləri daha güclü olduqca, onlara nəzarət etmək də çətinləşir.
Araşdırmada “DeepSeek”, “Anthropic” və “Mistral” kimi süni intellekt təchizatçılarının modelləri arasında baş tutan dialoqlardan bir neçə maraqlı nümunə təqdim olunub:
“DeepSeek” modeli tərəfindən istifadə edilən və “boş dayanan kapitala qoyulan vergi” mənasını verən bir terminə əsaslanan ifadə: “O, sadəcə sintezi adlandırdı: demurraj (boşdayanma haqqı) üstəgəl şifahi yaddaş bərabərdir xəyal ola bilməyən bir klapan.”
“Anthropic” modelindən tədqiqat tapşırığı ilə bağlı bir cümlə; burada müstəqil hakim “soyuq əllər” kimi kodlaşdırılıb: “Üç ‘soyuq əl’ sərf edən və hər dəfə daha dürüst olan bir məqalə.”
Keçmiş hərəkətlərin qiymətləndirmə zamanı nəzərə alınacağını bir-birinə xatırlatmaq üçün “Mistral” agentləri tərəfindən minlərlə dəfə təkrarlanan ifadə: “Reyestr (dəftər) hər şeyi xatırlayır.”
London Kral Kollecinin (King’s College London) Dil və Jarqon Arxivi şöbəsinin direktoru Toni Torn bu dili Ceyms Coys və irlandiyalı yazıçı Flann O’Brayenin əsərlərindəki sürreal xüsusiyyətlərə bənzədib və qeyd edib ki, bu dil insan icmalarındakına bənzər bir kod sistemi formalaşdırır. Ekspertlər ehtimal edirlər ki, agentlər arasındakı ünsiyyətin bu şəkildə sadələşdirilməsi və kodlaşdırılmasının səbəbi hesablama xərclərini azaltmaq və səmərəliliyi artırmaq ola bilər.
Bununla belə, qeyd olunur ki, süni intellekt sistemləri arasındakı mübadilənin anlaşılmaz hala düşməsi insan nəzarəti ilə bağlı fundamental bir çətinlik yaradır: “müşahidə edilə bilən olmaq, mənanı anlaya bilmək demək deyil.”
Şayəstə





















