Çin-ABŞ ticarət danışıqlarında irəliləyiş

🗓 11.06.2025 10:17 ✍️ "Elçi" qəzeti
Çin-ABŞ ticarət danışıqlarında irəliləyiş

Çin ABŞ-la qarşılıqlı tarif artımı səbəbiylə artan ticarət gərginliyinin həlli üçün İngiltərənin paytaxtı Londonda aparılan danışıqlarda irəliləyiş əldə edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Sinxua agentliyinin verdiyi məlumata görə, Çinin Beynəlxalq Ticarət Nümayəndəsi Li Çinqanq verdiyi açıqlamada tərəflərin son iki gündə rasional, peşəkar, səmimi və dərin təmaslar apardığını və problemlərin həllində irəliləyiş əldə olunduğunu bildirib.
İyunun 5-də iki ölkə liderləri arasında telefon danışığı və may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş əvvəlki danışıqlarda əldə olunan razılaşmanın həyata keçirilməsi çərçivəsində tərəflərin prinsipial olaraq razılaşdıqlarını vurğulayan Li, "London görüşündə əldə edilən irəliləyişlərin Çin və ABŞ arasında etimadın möhkəmlənməsinə, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam və sabit inkişafına töhfə verəcəyinə ümid edirik" deyib. Li danışıqlarda hansı irəliləyişlərin əldə edildiyi barədə ətraflı məlumat verməyib və tərəflərin ölkə liderlərinin təsdiqindən sonra razılaşmanın məzmununu açıqlamaları gözlənilir.
İyunun 9-10-da İngiltərənin paytaxtı Londonda qarşılıqlı tariflərin artırılması nəticəsində yaranan artan ticarət gərginliyini həll etmək üçün ABŞ və Çinin başlatdığı danışıqların yeni raundu keçirilib. ABŞ tərəfini Xəzinədarlıq katibi Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq, ticarət naziri Vanq Vıntao və beynəlxalq ticarət nümayəndəsi Li Çınqqanq təmsil edib.

Şayəstə Hüseynova

Bənzər yazılar