Benzinin “qiymət oyunu” hökuməti ciddi düşünməyə vadar edir

Ekspertlərin fikrincə, hökumət bu il bahalaşmaya gedərsə, daha diqqətli olacaq
Ölkədə benzinin qiymətinin iki gün ərzində qalxıb-enməsi cəmiyyət, eləcə də, iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmır. Benzinin bahalaşmasından dərhal sonra ölkədə yeni bahalaşma dalğasının olacağı barədə verilən anonslar isə hələlik ancaq ərzaq məhsullarının qiymətindəki azacıq artımda özünü göstərir.

Ekspertlərin fikrincə, benzindən sonra digər məhsullarla bağlı bahalaşma xəbərlərinin olacağı da ehtimal edilirdi. Əsasən, kommunal və nəqliyyat xərclərinin bahalaşama ehtimalı daha yüksək idi.
Bəs, benzinin qiyməti əvvəlki həddinə qaytarılandan sonra vəziyyət necədir? Kommunal xərclərin bahalaşma ehtimalı hələ də qalırmı?
İqtisadçıların və rəsmi qurumların bu suallarla bağlı fikirləri birmənalı deyil.
İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı musavat.com-a bildirib ki, böyük ehtimalla hökumət bahalaşma məsələlərində bu il həssas davranacaq: “Məhz benzinin qiymətinin köhnə vəziyyətə qaytarılması onu göstərdi ki, onun yaradacağı psixoloji təsirlər əvvəlcədən hesablanmamışdı. Bu təsirlərin çox ciddi olacağını nəzərə alaraq, qiymətləri əvvəlki həddə qaytardılar. Düşünürəm ki, bundan sonra hökumət qiymət artımı ilə bağlı ciddi davranacaq. Qiymət artımına çalışdıqda yüz ölçüb, bir biçəcək. Bu ilin seçki ili olduğunu da nəzərə alaraq, əks təsirləri hesablamağa çalışacaq. Ancaq neftin ucuzlaşmasından dolayı ölkənin gəlirlərinin ciddi şəkildə azalması da baş verəcək. Bu halda da hökumət bahalaşma üçün addım atmağa məcbur olacaq. Məsələn, il ərzində aksiz və vergilərə yenidən baxılması məsələsi gündəmə gələ və hökumət artımlara gedə bilər”.
Ekspertin sözlərinə görə, nəqliyyat xərclərində hökumət daha konservativ mövqe ortaya qoyacaq: “Yaxın gələcəkdə qiymət artımına ola bilər ki, gedilməsin. Ancaq ilin sonuna qədər neftin qiyməti indiki həddə qalsa, hökumət 2016-cı ilin büdcə problemlərini nəzərə alaraq, qiymət artımları ilə bağlı müəyyən addımlar atmağa məcbur ola bilər.
Göründüyü kimi, depozitlərə qoyulmuş vergi səs-küyə səbəb olsa da, hökumət onu ləğv etmədi. Bu da məcburiyyət qarşısında qalınıb, atılmış addım idi. Hökumət bunun üçün müxtəlif üsullara əl atmaq məcburiyyətində qalıb. Yəni əsas məsələ neftin qiymətinin hansı həddə olmasından asılı olacaq”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət bahalaşmaya getmək məsələsində ciddi şəkildə düşünəcək: “Bu il həssas dövrdür. Çünki bir tərəfdən dünyada neftin qiymətinin ucuzlaşması səbəbində qiymətlər aşağı düşür. Digər tərəfdən də parlament seçkisi ili olduğundan, hökumət bahalaşmağa getməsi ehtimalı aşağıdır. Əgər yanacağın qiyməti artırılsaydı, bu halda növbəti artım nəqliyyat sektorunda olardı. Amma yanacağın yenidən əvvəlki səviyyəsinə salınması onu göstərir ki, hökumət artıma getmək niyyətində deyil. Ona görə də kommunal xidmətlərin bahalaşmasını bu il gözləmirəm. Ən azı noyabra qədər yəqin ki, bahalaşma olmayacaq”.
Tarif Şurasının mətbuat katibi Abbas Əliyev isə məsələ ilə bağlı bildirib ki, dövlət başçısının göstərişi bahalaşma meyllərini zərərsizləşdirib: “Ümumiyyətlə, benzinin qiymətinin dəyişməsi ilə bağlı müəyyən meyllər müşahidə olunsa da, prezidentin humanist addımından sonra bazarda bahalaşma meyllərinin qarşısı tamamilə alındı. Yəni prezident bu meyllərin qarşısını aldı, hər hansı artım meylləri müşahidə olunmur”.
Onun sözlərinə görə, yaxın vaxtlarda Tarif Şurasına qiymət artırılması üçün hər hansı təklif daxil olmayıb:“Kiçik qiymət dəyişikliyi nəqliyyatda sərnişindaşıma tariflərinin qaldırılmasına, eyni zamanda, metronun gedişhaqqının qaldırılmasına əsas yaratmırdı. Bununla belə, istehlak bazarında qiymətlərin artırılması ilə bağlı hər hansı meyllərin qarşısını belə, cənab prezidentin humanist addımı tamamilə aldı. Bazarda bu gün artım meylləri müşahidə olunmur. İstehlak bazarında da qiymətlərin stabilliyi hökm sürür”.
Qeyd edək ki, əksər ekspertlər benzinin bahalaşma qərarını doğru addım hesab edirlər. Həmçinin Tarif Şurasının əvvəlki qərarı əsaslandırılmış deyil. Bu fakt ölkədə iqtisadi qərarların siyasi maraqlar üzərindən tənzimlənməsi kimi də xarakterizə edilir.