Yaxınları da iki nəfərin ölümündə Asəf Fərzəliyevi ittiham edir, həmçinin qohumlarının da bu işdə əli olması istisna deyil
Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısı həbs edilib. Hüquq-mühafizə orqanlarından musavat.com-a verilən xəbərə görə, Yasamal rayonunda ana və qızın intiharı ilə bağlı istintaq davam etdirilir. Bu istintaqın nəticəsi olaraq ailənin başçısı Asəf Fərzəliyev həbs edilib. Qeyd edək ki, hadisə baş verən gün Asəf Fərzəliyev Yasamal rayonu 29-cu polis bölməsində və Yasamal Rayon Prokurorluğunda dindirilə də, sərbəst buraxılmışdı.
Daha sonra isə o, yenidən saxlanılıb. Onun arvadının və qızının ölümündə təqsirli bilinməsi istisna deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Rəsmi qurumlarla məlumatı dəqiqləşdirmək istəsək də, qeyri-müəyyənlik yarandı. Belə ki, KİV-də geniş müzakirələrə səbəb olan xəbərə Bakı Şəhər Prokurorluğu münasibət bildirib. Lent.az-ın xəbərinə görə, Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərova bildirib ki, bir neçə gün əvvəl baş vermiş olaya görə, Asəf Fərzəliyevin həbs edilməsi xəbəri həqiqəti əks etdirmir: “Həmin fakta görə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb və iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Cinayət işi ilə əlaqədar intihar etmiş Kifayət Abbasovanın həyat yoldaşı və Aytac Fərzəliyevanın atası olan Asəf Fərzəliyevin həbs edilməsi xəbəri isə həqiqəti əks etdirmir”. O həmçinin qeyd edib ki, faktla bağlı hələ ki heç kəs həbs edilməyib.
Respublika Prokurorluğundan isə musavat.com-a bildirildi ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumat həmçinin onların mövqeyini əks etdirir: “Bu məlumatlar eyni mənbədən verilir və idarə olunur”. Yasamal Rayon Polis İdarəsindən isə bildirildi ki, atanın həbs edilməsi barədə onlarda heç bir məlumat yoxdur: “Biz bundan xəbərsizik, yaxşısı budur DİN-in mətbuat xidmətinə müraciət edin”. 29-cu polis bölməsindən isə bildirilib ki, ata Asəf Fərzəliyev bir neçə gün əvvəl şübhəli şəxs qismində saxlanılıb: “Ata saxlanılıb və hazırda iş bizdən alınıb”. DİN-dən isə gün ərzində suala cavab almaq mümkün olmadı.
İntihar edən ailənin, qızın yaxınları, həmçinin evdən qaçan kiçik qızı tanıyanlar isə musavat.com-un əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, faciə yaşanan ailədə illərdir ki, faciəvi durum yaşanırmış. “Ailədə illərdir ki, gərgin mühit vardı. Ata, əmilər həmin qızlara zülm edirdilər. Problemi oğlanın anası da gərginləşdirirdi. Uşaqlar aşağı siniflərdən məktəbdən çıxarılmışdı və ata onların oxumasına icazə vermirdi. Üç il əvvəl ata boşanaraq başqa qadınla evlənmək üçün bir müddət evdən də getmişdi. Sonra qayıtdı və üç otaqlı evdə onlarla yaşamağa başladı. Bundan sonra ananın və qızların həyatı daha da işgəncəli oldu”,- deyə adının çəkilməsini istəməyən ailə yaxınlarından biri bildirir. Onun sözlərinə görə, ailədə daim mübahisə və münaqişə olması barədə intihar edən qız onlara danışıb: “Bizə danışırdı dərdini. Evdən qaçan qız da hərdən deyirdi baş verənləri. Ata işləmirdi. Ailə onlara köçkün kimi verilən çörək pulu ilə güclə dolanırdı. Həmçinin evdən qaçan qız yaxınlıqdakı kafedə səhər tezdən gecəyə kimi qab yuyurdu. Həmin pulu da ata onların əlindən alıb içkiyə verirdi.
Qızlar deyirdilər ki, ataları hər gün onları və analarını döyür. Hətta əmilər də qızlara qarşı kobud davranırdılar, işgəncə verirdilər. ata boşandığı halda, mənzillərdən birini zəbt edib orada yaşayırdı, həm də həmin ailənin, qızlara dövlət tərəfindən verilən müavinətin hesabına yaşayırdı”. Ailəni tanıyanlar bildirirlər ki, evdən qaçan qız hərdən onlara hər şeydən bezdiyini və evdən qaçmaq istədiyini deyirdi: “Deyirdi ki, o, evdən getsə, anası və bacısı köməksiz qalacaq. O, bundan qorxur. Çünki bacısı onun kimi diribaş deyildi, Aynur isə (ad şərtidir-red) bacarıqlı qız idi. On üç yaşından həm ailəni dolandırır, həm də anasını və bacısını atasının basqılarından müdafiə etməyə çalışırdı. Deyirdi ki, atası anasını döyərkən iki bacı qabağa keçirdilər ki, analarını atalarından qorusunlar. Nəticədə özləri də döyülürmüşlər”.
Yaxınlarının bildirdiyinə görə, Aynurun evdən qaçması böyük ehtimalla atanın və digər qohumların davamlı basqıları, təzyiq və təhdidləri ilə bağlıdır: “Qız atadan bezib evdən qaçıb, ana və o biri bacı da ola bilsin ki, qorxularından özlərini pəncərədən atıblar”. Həmçinin yaxınları ana ilə qızın öldürüldüyünü də istisna etmirlər: “Bunun üçün yaxşı olardı ki, ailənin 17 yaşlı oğlu da dindirilsin. Çünki o, həmin vaxt evdə olub. Həmçinin Bilal (ad şərtidir) həmişə bu davalarda kənardan izləyici olub, hətta atasının hərəkətlərini müdafiə edib. Onun istintaqa çağırılıb dindirilməsi bir çox məsələlərin üstünü aça bilər. Həmçinin Asəfin ona yaxın qardaşı var. Onların əksəriyyəti ailəsinə qarışır və ailədəki qadınlara zülm edirdilər. Həmin kişilərin bu faciədə nə dərəcədə rolu olub, bunu aydınlaşdırmaq lazımdır”.
Yaxınları son olaraq bildiriblər ki, edən qadının əksər qohumları da baş verən hadisənin intihar olduğuna inanmırlar: “Onlar əmindirlər ki, bu, evdəki kişilər tərəfindən, konkret olaraq Asəf tərəfindən törədilib, Bilal isə bu olayın ən azı şahididir”. Həmçinin bildirilir ki, bir neçə gündür ailə başçısı həbs edilsə də, bunun mətbuata açıqlanmaması sual doğurur: “Asəfin qardaşları imkanlı adamlardır. Sadəcə qardaşlarının içki düşkünü olması münasibətlərində bir qədər soyuqluq yaradıb. Buna baxmayaraq, onlar qardaşlarının günahsızlığını sübut etmək üçün istintaqla işbirliyinə getməkdə maraqlıdırlar. Yəqin buna görə rəsmi qurumlar hələ ki susur və Asəfin tutulduğunu açıqlamır. Mətbuatın, qəzetlərin vəziyyəti diqqətdə saxlaması durumu bir az qəlizləşdirsə də, qardaşları Asəfin həbsdən buraxılmasına çalışırlar. Onlar həmçinin itkin düşmüş qızı axtarırlar. Çox güman ki, qız tapılsa, vəziyyəti yaxşı olmayacaq. Ondan həm də atanın həbsdən çıxarılması üçün qorxuzaraq fikir alıb istintaqı istədikləri səmtə yönəldəcəklər”.
Faciəvi şəkildə dağılan ailənin yaxınları mətbuatdan məsələni diqqətdə saxlamağı xahiş edirlər: “Həm qadın, həm də qızları çox yaxşı, ləyaqətli, dürüst, əzabkeş insanlar idilər. Kişinin ailəsi onların bütün həyatını məhv etdi. İndi heç olmasa, o bir qızın həyatını sönməyə qoymayın, yazıqdır”…
Röya RƏFİYEVA