Nepal hökuməti, avqust ayında baş verən və azı 1455 nəfərin həyatına son qoyan dağıdıcı daşqınlardan sonra axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını elan edib. Zərər çəkmiş ərazilərdə 5200-dən çox insanın taleyi hələ də məlum deyil.
Elchi.az xəbər verir ki, Çinin Tibet bölgəsi ilə sərhəddə avqustun 26-da başlayan və ölkə tarixinin ən dağıdıcı təbii fəlakətlərindən biri kimi yadda qalan daşqınlardan sonra axtarış-xilasetmə işləri rəsmən dayandırılıb.
Rəsmilərin bazar ertəsi verdiyi açıqlamaya görə, təsdiqlənmiş ölü sayı azı 1455 nəfər olsa da, 5285 nəfər hələ də itkin düşmüş hesab olunur. Həftələrlə davam edən gərgin əməliyyatlar nəticəsində ümumilikdə 13 795 nəfərin sağ xilas edildiyi bildirilib.
Milli Fövqəladə Hallar Əməliyyat Mərkəzinin rəhbəri Phanindra Paudel beynəlxalq xəbər agentliklərinə bildirib ki, onlar artıq axtarış-xilasetmə mərhələsini geridə qoyub, axtarış və bərpa mərhələsinə keçirlər.
Paudel qeyd edib ki, itkin düşənlərin ailələrinə sığorta, bank və digər inzibati prosedurları tamamlamağa imkan verəcək hüquqi prosesə başlayacaqlar; o, həmçinin itkin düşmüş şəxslərin rəsmən ölmüş elan edilməsi istiqamətində işlərin aparıldığını və zəruri hüquqi prosedurların başladıldığını vurğulayıb.
Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi İdarəsinin rəhbəri Dharam Raj Uprety bildirib ki, rəsmilər artıq fəal şəkildə cəsəd axtarışı aparmayacaqlar, lakin bərpa və yenidənqurma prosesi zamanı aşkar edilən qalıqlar, şəxsi əşyalar və ya qiymətli əşyalar qorunub saxlanılacaq. Bununla belə, Uprety vurğulayıb ki, təcili ehtiyac və ya xəbərdarlıq yarandığı təqdirdə xilasetmə əməliyyatları yenidən həyata keçirilə bilər.
Böyük dağıntılara səbəb olan daşqın suları Nepalın infrastrukturuna da ağır zərbə vurub. Daşqınlar nəticəsində çoxsaylı yollar, körpülər, kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri, eləcə də 12 su-elektrik stansiyası layihəsi tamamilə yararsız hala düşüb. Fəlakət nəticəsində yerlərindən didərgin düşmüş minlərlə insanın həyatlarını yenidən qurmasına və zədələnmiş infrastrukturun sürətlə bərpasına kömək məqsədilə hərtərəfli bərpa proqramı hazırlamış rəsmilər bildirirlər ki, bütün bu işləri tamamlamaq üçün təxminən 5 milyard dollar məbləğində büdcə tələb olunur.
Şayəstə



















