Almaniya xüsusi xidmət orqanlarının rəhbərləri Rusiyadan gələn təhlükələrin artdığını bəyan edərək, ölkənin ehtimal olunan təxribatlara qarşı davamlılığının gücləndirilməsinə çağırıblar.
Elchi.az xəbər verir ki, bu barədə dpa məlumat yayıb.
“Rusiya bizə qarşı kölgə müharibəsi aparır”, – deyə Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Martin Yeqer Bundestaqın Xüsusi xidmət orqanlarına nəzarət üzrə parlament komitəsinin açıq dinləmələrində bildirib. Onun sözlərinə görə, söhbət həm də “qorxutmaq cəhdlərindən” gedir və xüsusi xidmət orqanları “birinci müdafiə xəttidir”.
Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin (BfV) rəhbəri Sinan Selen bildirib ki, “Rusiya təxribatlara və qətllərə hazır olduğunu nümayiş etdirir”. Onun sözlərinə görə, təhdidlərə dezinformasiya kampaniyaları və hücum cəhdləri də daxildir. Bunların arasında xüsusilə avqust ayında Leypsiq hava limanında Ukrayna yük təyyarəsinin yanında partlayıcı maddə ilə təchiz olunmuş dronun tapılması insidenti var.
Selen qeyd edib ki, Almaniya xüsusi xidmət orqanları artıq bir sıra analoji təhlükələrin qarşısını almağa müvəffəq olub, lakin vəziyyət gərginləşməkdə davam edir. Onun fikrincə, Almaniya öz xüsusi xidmət orqanlarının imkanlarını avropalı tərəfdaşlarla daha sıx əlaqələndirməlidir.
BND, BfV və Hərbi Əks-kəşfiyyat Xidmətinin (MAD) rəhbərlərinin açıq dinləmələri ildə bir dəfə keçirilir, adətən isə onlar deputatların suallarını qapalı iclaslarda cavablandırırlar.
Məryəm





















