Kuba Xarici İşlər Naziri Bruno Rodriges Birləşmiş Ştatları Kuba xalqının gündəlik həyatını hədəf alan embarqo tətbiq etməkdə günahlandırıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kuba əhalisinin gündəlik mövcudluğuna yönəlmiş bir embarqo tətbiq etdiyini bildirən Rodriges qeyd edib: “Hərbi, nüvə, iqtisadi və texnoloji supergüc sülhsevər və sülhə can atan bir xalqa qarşı amansız və dayanmadan davam edən təzyiq kampaniyası aparır”.
ABŞ-ın digər üzv dövlətlərə qarşı mövqeyini tənqid edən Rodriges deyib: “Vaşinqton administrasiyası BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozur. Şantaj və sanksiya təhdidləri vasitəsilə xalqların suveren iradəsini əllərindən almağa yönəlmiş bu yanaşma, çoxtərəfli diplomatiyanın təməl prinsiplərinə birbaşa hücumdur”.
Onilliklərdir davam edən blokadanın miqyasına diqqət çəkən Rodriges bildirib: “Ölkəmizə qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə embarqosu sadəcə bir siyasət deyil; bu, Kuba xalqının gündəlik həyatını və onların inkişaf hüququnu hədəf alan sistemli bir blokadadır”.
Rodriges həmçinin iddia edib ki, ABŞ administrasiyası müxtəlif hökumətlərə və BMT missiyalarına hədələyici məzmunlu sənədlər paylayıb. O, ABŞ rəsmilərinin Kubanın əleyhinə səs vermək istəməyən bəzi ölkələrə təzyiq göstərərək, onlardan səsvermə zamanı ya “bitərəf qalmağı”, ya da “zala daxil olmamağı” tələb etdiklərini bildirib.
Şayəstə





















