Yaponiya partiyasının lideri Fukusimaya görə Çinə səfərini təxirə salıb

87

Çin “Yaponiya-Çin münasibətlərindəki mövcud vəziyyət” səbəbiylə yapon yüksək səviyyəli siyasətçi səfərdən imtina edib. Səbəblərdən biri Fukusima atom elektrik stansiyasından radioaktiv suyun Sakit okeana axıdılması ola bilər.

Elchi.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.
Koalisiya hökumətinin tərəfdaşı olan Yaponiyanın Komeito partiyasının sədri Pekinin tələbi ilə Çinə planlaşdırılan səfərini təxirə salıb.
Natsuo Yamaquçi avqustun 28-30-da Çinə səfər etməyi planlaşdırırdı. O, Sədr Si Cinpinlə görüşmək və Yaponiyanın Baş naziri Fumio Kişidanın şəxsi məktubunu ona çatdırmaq niyyətində idi.
Bununla belə, şənbə günü Çin tərəfi yapon siyasətçisinə “Yaponiya-Çin münasibətlərindəki hazırkı vəziyyəti nəzərə alaraq vaxtın uyğun olmadığını” bildirib.
“Nikkei” Pekinin demarşının iki mümkün səbəbini qeyd edir.
Yaponiya cümə axşamı həm ölkə daxilində, həm də xaricdə etirazlara baxmayaraq, Fukusima AES-dən təmizlənmiş radioaktiv suyu Sakit Okeana atmağa başlayıb. Xüsusilə Çin Tokionun bu addımını şiddətlə qınadı və Yaponiyadan gələn bütün dəniz məhsullarına qadağa qoydu.
Bundan əlavə, ABŞ, Yaponiya və Cənubi Koreya liderləri ötən həftə görüşərək hərbi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Onlar həmçinin Çinin Cənubi Çin dənizindəki “təhlükəli və təcavüzkar davranışını” kəskin şəkildə pisləyiblər.

Nuranə Məmmədova