Pentaqonun rəsmi nəzarət orqanı tərəfindən hazırlanan hesabatda İranın hücumlarının Yaxın Şərqdəki ABŞ hərbi və diplomatik obyektlərinə ciddi ziyan vurduğu üzə çıxıb. Hesabatda qeyd olunub ki, bəzi kritik döyüş sursatı ehtiyatları əhəmiyyətli dərəcədə azalıb, digərləri isə tamamilə tükənib.
Elchi.az xəbər verir ki, Pentaqonun rəsmi nəzarət orqanı ABŞ və İran arasındakı münaqişənin ilkin aylarını əhatə edən xüsusi hesabat yayımlayıb. 28 fevral – 30 iyun dövrünü əhatə edən hesabatda İranın hücumlarının Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı ABŞ bazalarını hədəf aldığı bildirilib. Hesabata əsasən, hücumlar zamanı regiondakı ABŞ bazalarında çoxsaylı bina və qurğular zədələnib və ya tamamilə məhv edilib. Bundan əlavə, ABŞ-ın bəzi kritik döyüş sursatı ehtiyatları əhəmiyyətli dərəcədə azalıb, bəziləri isə tamamilə tükənib.
Bildirilib ki, hücumlar səbəbindən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəzi şəxsi heyəti, hərbi vasitələri və anbar obyektlərini fərqli məkanlara köçürüb. Bu kontekstdə hesabatda ABŞ Ordusunun tibbi təxliyyə helikopterlərinin İraq və Küveytdən çıxarılması vurğulanıb və qeyd olunub ki, bunun əvəzinə tibbi təxliyyələr quru yolu ilə regiondakı yerli tibb müəssisələrinə həyata keçirilib.
Hesabatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreynlərdəki regional qərargahının İranın hücumları nəticəsində məhv edildiyi barədə məlumat yer alıb. Bundan əlavə, qeyd olunub ki, İranın Yaxın Şərqdəki ABŞ diplomatik obyektlərinə hücumları təxminən 184 milyon dollar məbləğində ziyana səbəb olub.
Müharibə başlayandan bəri təxminən 3500 diplomatik əməkdaşın regiondan uzaq qaldığını qeyd edən hesabatda deyilir: “Regiondakı bir çox ABŞ missiyasında məhdud əməliyyatlar davam edir. Bəzi diplomatlar və onların ailələri bölgəyə qayıtmağa başlayıblar.”
Şayəstə





















