Tokio bu cür hərəkətləri “təəssüf doğuran və qəbuledilməz” adlandırıb.
Yaponiya hökuməti Tokionun özünün ərazi suları hesab etdiyi mübahisəli Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə Çin gəmilərinin daxil olmasını qəbuledilməz adlandırıb. Belə bir bəyanatla bazar ertəsi, dekabrın 26-da baş katib Hirokazu Matsuno çıxış edib.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, dekabrın 22-dən 25-dək ÇXR-in patrul katerlərinin bu sulara daxil olması ilə bağlı sonuncu hadisə zamanı bu gəmilər rekord müddət ərzində bu ərazidə olub.
“Çin gəmiləri 72 saat 45 dəqiqə ərazi sularında olub, bu, indiyə qədərki ən uzun müddətdir. Bu son dərəcə təəssüf doğurur və qəbuledilməzdir”, – deyə o bildirib.
Matsuno həmçinin bildirib ki, Çin gəmiləri əraziyə daxil olarsa, eləcə də onlar bitişik zonada olduqda, Tokio bu zonanı tərk etməyi tələb edərək “diplomatik kanallar vasitəsilə etiraz edir”.
Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokio adaları Yaponiya vətəndaşı olan özəl sahiblərdən aldığını elan etdikdən sonra daha da böyüdü. Bundan sonra Çində kütləvi nümayişlər keçirilib və Çin gəmiləri mübahisəli arxipelaqın ətrafında dolaşır.
Şayəstə