Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib.
Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri olan Əhməd əl-Şara ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı zarafatla Amerika ştatı olan Nyu-Cersinin İsrailə verilməsini təklif edib. TASS-ın məlumatına görə, bu söhbəti bizzat Suriya lideri özü danışıb.
Əl-Şaranın sözlərinə görə, o, bu təklifi Vaşinqtona səfəri zamanı və Amerika lideri ilə işğal olunmuş Qolan təpələri ilə bağlı vəziyyəti müzakirə edərkən irəli sürüb.
“Onunla həqiqətən də unikal münasibətlər qurdum. Ağ Evdə onunla görüşəndə bir zarafat etdim. O, Qolan təpələrindən danışır və onların İsrailin suverenliyi altında olduğunu deyirdi; mən isə soruşdum: ‘Niyə Nyu-Cersini israillilərə vermirsiniz? Qolan təpələri kiməsə verməyiniz üçün sizə məxsus deyil, amma Nyu-Cersi sizindir'”, – deyə əl-Şara Nyu-Yorkda “Atlantic Council” (Atlantik Şurası) tərəfindən təşkil edilən tədbirdə çıxış edərkən bildirib.
Bununla belə, o vurğulayıb ki, zarafatdan asılı olmayaraq, Qolan təpələri Suriyaya məxsusdur.
“Buna görə də, nə Suriya prezidentinin, nə Amerika prezidentinin, nə də başqa bir kəsin onlardan imtina etmək və ya onları başqalarına vermək hüququ var”, – deyə əl-Şara fikrini yekunlaşdırıb.
Qolan təpələri Suriyanın cənub-qərbində, Dəməşqdən təxminən 60 km cənub-qərbdə yerləşir. Ərazi təxminən 1800 kvadratkilometr sahəni əhatə edir. 1967-ci ildə baş vermiş Altıgünlük müharibədən sonra Qolan təpələrinin böyük hissəsi (1230 kvadratkilometr) İsrail tərəfindən işğal edilib və sonradan ilhaq olunub; həmin vaxtdan bəri bu ərazi iki ölkə arasında mübahisə mövzusudur. 2024-cü ilin dekabrında İsrail təpələrin qalan hissəsini də işğal edib. Eyni zamanda, ölkələrin böyük əksəriyyəti Qolan təpələrini Suriya ərazisi hesab edir.
Şayəstə





















