Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, mətbuata verdiyiniz açıqlamalarda ölkədə kadr islahatlarının ola biləcəyini qeyd etmişdiniz. Kimlər istefaya göndərilə bilər?
– Bu məsələyə dair hər kəs öz fikrini söyləyə bilər, amma bu, Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir.
Mən düşünürəm ki, başqa cür fərqlənə bilmədikləri üçün bambılı, düşük davranışlarını müasirlik kimi təqdim etmək istəyənlər, anlaşılmaz açıqlamalarına görə cəmiyyət tərəfindən təlxək kimi qəbul olunanlar, nüfuzlu auditoriya qarşısında alçaldılmasını ikrah doğuran yaltaq görkəm alıb gülüşlə qarşılayanlar, rəhbərlik etdiyi sahədə müsbət irəliləyişlər bir yana, vəziyyətin pisləşməsinə səbəb olanlar, cəmiyyətdə narazılıq yaradanlar yüksək dövlət vəzifələri tutmamalıdırlar.
– Cəmiyyətdə ciddi narazılıq doğuran məsələrdən biri də, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün tələbələr seçilərkən şəffaflığın təmin edilməməsidir. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Yalnız qeyd etdiyiniz məsələ yox, valideyinlər üçün ağır yükə çevrilmiş repititorluğun aradan qaldırılmaması, təhsil kreditlərinin bütün tələbələr üçün əlçatan olmaması da ciddi narazılıq yaradan məsələlərdəndir. Təəssüf ki,Təhsil Nazirliyi uzun illərdi vəziyyəti dəyişmək üçün bu istiqamətdə heç bir iş görmür. Bu yaxınlarda müsahibələrimin birində hamımızı narahat etməli olan bir məsələyə toxunmuşdum ki, 2025-ci ildə ökəmizdə 12 969 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil müəssiələrindən xaric olunub. Universitetlərin savadsız tələbələrə diplom verməsinin qarşısının alınması üçün heç bir ciddi qərar qəbul olunmur. Bu problemlərin həllinə dair təkliflər də vermişdim. (https://www.xalqcebhesi.az/news/politics/255422.html).
Xaricdə təhsil üçün tələbələrin seçilməsi zamanı neqativ hallar barədə mən də eşitmişdim. Bu günlərdə bacım nəvəsi Nigar Cəlilova həmin proqram çərçivəsində xaricdə təhsil almaq üşün müsabiqəyə qatılmışdı. Nigar UCL-in (Universisity College London ) kompüter elmləri fakültəsinə qəbul olunmuşdu. Bu universitet Təhsil Nazirliyinin tələbə seçərkən istinad etdiyi universitetlərin dünya reytinq cədvəlində 8-ci yerdə dayanır.
Nigar Türk Liseyini fərqlənmə diplomu ilə bitirib. Dünyanın nüfuzlu universitetləri tərəfindən qəbul olunan SAT imtahanlarından 1540, İELTS-dən 7.5 bal toplayıb. O , 27-dən artıq olimpiada və müsabiqənin qalibləri arasında yer alıb.
Onun təhsildə əldə etdiyi uğurlara baxın:
1.AP Scholar with Honor mükafatı (2026)
2. Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası — Qızıl mükafat (2025)
3.Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası — Qızıl mükafat (2024)
4.Kopernik Riyaziyyat Olimpiadasının final mərhələsi — Bürünc mükafat (2024)
5.Amerika Riyaziyyat Olimpiadası — Bürünc mükafat (2024)
6.Neoscience — Qızıl mükafat (2024)
7. Beynəlxalq Riyaziyyat Müsabiqəsi — Qızıl mükafat (2024)
8.Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası (2023)
• Riyaziyyat Olimpiadası müsabiqəsi — Gümüş mükafat
• Zehni idman növləri — Qızıl mükafat
• Riyaziyyat döyüşçüləri — Bürünc mükafat
• 9. Respublika Fənn Müsabiqəsi Biologiya fənni — Bürünc mükafat (2022)
Belə bir istedadlı tələbəni Təhsil Nazirliyi Proqrama daxil etmədi və mən onun hüquqlarını qoruya bilmədim. Bu il xaricdə təhsil üçün bakalavriat pilləsi üzrə 125 tələbə seçilib, qoy müvafiq vəzifəli şəxslər araşdırma aparsınlar ki, onlardan neçəsinin göstəriciləri Nigarın uğurlarından üstündür. Nigar müsabiqədən çıxanda valideyinlərinə söyləmişdi ki, ondan çox razı qalıblar, amma valideyinləri deyirdi ki, neqativ hallar onun qarşısını alacaq, elə də oldu. Mən isə onları inandırmağa çalışırdım ki, təhsil işçisi adı daşıyanlar bu qədər ədalətsiz davranmaz. Təhsil Nazirliyi Proqramda iştirak etmək üçün müraciət edənlərin və Proqrama daxil edilən tələbələrin adlarını, onların nəticələrini, müsabiqənin video materiallarını internet resurslarda yerləşdirmir ki, müsabiqədən kənarda qalan uşaqlar, ictimaiyyət nümayəndələri müqayisə apara bilsin. O zaman həm də o bilinəcək ki, hansı məktəblərin, liseyıərin şagirdlərinə, niyə aşağı reytinqli universitetlərə üstünlük verilir. Mən Nigarın nəticələrin təqdim edəcəm dərc edəsiniz, qoy təhsil nazirliyi də Proqrama daxil etdiyi 125 nəfərin göstəricilərini açıqlasın, o zaman hər şey bəlli olacaq.
Məni xeyli məyus edən həm də odur ki, ölkənin Birinci vitse-prezidenti ölkəmizdə informasiya texnologiyalarının inkişafı və tətbiqi barədə müvafiq dövlət orqanlarının rəhbərləri ilə müşavirə keçirir, aktuallığına görə müşvirə geniş müzkirələrə səbəb olur, mən də bu məsələyə münasibət bildirmişəm (https://www.xalqcebhesi.az/news/politics/254089.html), parlament bu sahədə çalışanlar, xaricdən gələn mütəxəssislər üçün imtiyazlar nəzərdə tutan qanunvericiliyə dəyişikliklər edir, amma Nigar kimi tələbələrin kompüter elmləri üzrə nüfuzlu xarici universitetdə təhsil almasının qarşısı alınır.
Onun CV-sinə nəzər yetirək:
TƏHSİL
• Tam orta təhsil haqqında fərqlənmə attestatı (09.2024–06.2026)
• Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Bakı, Azərbaycan Yekun qiymət: 5,00/5,00
• Ümumi orta təhsil haqqında fərqlənmə attestatı (09.2019–06.2024)
• Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Bakı, Azərbaycan Yekun qiymət: 5,00/5,00
SERTİFİKATLAR
• AP (05.2026)
• AP Calculus BC – 5
• AP Calculus AB əlavə balı – 5
• AP Physics 1 – 5
• AP Computer Science A – 4
• AP Physics C: Mechanics – 4
SAT (13.09.2025)
• Ümumi nəticə – 1540
• Reading and Writing – 740
• Mathematics – 800
IELTS (27.12.2024)
• CEFR səviyyəsi – C1
• Ümumi nəticə – 7,5
• Dinləmə – 8,0
• Oxu – 8,5
• Yazı – 6,5
• Danışıq – 6,0
MÜKAFATLAR
AP Scholar with Honor mükafatı (2026)
Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası — Qızıl mükafat (2025) Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası — Qızıl mükafat (2024) Kopernik Riyaziyyat Olimpiadasının final mərhələsi — Bürünc mükafat (2024) Amerika Riyaziyyat Olimpiadası — Bürünc mükafat (2024)
Neoscience — Qızıl mükafat (2024)
Beynəlxalq Riyaziyyat Müsabiqəsi — Qızıl mükafat (2024)
Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası (2023)
• Riyaziyyat Olimpiadası müsabiqəsi — Gümüş mükafat
• Zehni idman növləri — Qızıl mükafat
• Riyaziyyat döyüşçüləri — Bürünc mükafat
Respublika Fənn Müsabiqəsi Biologiya fənni — Bürünc mükafat (2022)
NƏŞRLƏR
Kibertəhlükəsizlik analitikasında jurnal qeydlərinin təhlili və süni intellekt metodlarının inteqrasiyası
• Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Hilalə Cəfərova ilə həmmüəlliflik əsasında hazırlanıb.
• Məqalədə kibertəhlükəsizlik analitikasında jurnal qeydlərinin təhlilinin səmərəliliyini artırmaq məqsədilə süni intellekt metodlarının tətbiqi araşdırılır.
Müəlliflər: Hilalə Cəfərova, Nigar Cəlilova
Nəşrin adı: Fənlərarası Tədqiqatlar və Təcrübələrdə İnkişaf Edən Tendensiyalar üzrə XIII Beynəlxalq Nyu-York Konfransı
Cild, buraxılış və səhifə: səh. 392
KÖNÜLLÜLÜK FƏALİYYƏTİ
• Formula 1 Azərbaycan Qran-Prisi, Bakı, Azərbaycan (09.2025)
• Könüllü komanda üzvü
• Dörd günlük tədbir ərzində iştirakçıları və xarici ziyarətçiləri məlumatlandırmışam.
• Təşkilati işlərin həyata keçirilməsinə kömək etmişəm.
ISchool Yay Düşərgəsi, Bakı, Azərbaycan (06.2025–07.2025)
Könüllü müəllim köməkçisi
• Müəllimlərlə əməkdaşlıq etmiş və onların tapşırıqlarının yerinə yetirilməsində köməklik göstərmişəm.
• İbtidai sinif şagirdlərinə ingilis dili tədris etmişəm.
• Dərslərin məzmunu ilə bağlı şagirdlərə dəstək göstərmişəm.
ÜZVLÜKLƏR
• Avropa Gənclər Parlamenti, Azərbaycan (2025–hazırda)
Nümayəndə / rəsmi üzv
• Müasir dünyanın problemlərini müzakirə etmək və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə keçirilən tədbirlərdə iştirak edirəm.
• Tədbirlər zamanı dəfələrlə debatçı kimi müzakirələrə qoşularaq ünsiyyət və problem həll etmə bacarıqlarımı inkişaf etdirirəm.
Uşaq Səfirlər Məclisi, Bakı, Azərbaycan (2025–hazırda)
Fəal üzv
• Uşaq hüquqlarının müdafiəsi məqsədilə keçirilən tədbirlərdə iştirak edirəm.
• Məclis tərəfindən təşkil olunan kurslar vasitəsilə biliklərimi artırıram.
AVROPA GƏNCLƏR PARLAMENTİ AZƏRBAYCAN
EYP Azərbaycanın Maliyyə Sammiti (16.01.2026–19.01.2026)
• Nümayəndə kimi uğurlu iştiraka görə sertifikat.
EYP Azərbaycanın XIII Səyyar Sessiyası (06.12.2025–07.12.2025)
• Nümayəndə kimi uğurlu iştiraka görə sertifikat.
EYP Azərbaycanın XI Milli Seçim Konfransı (08.08.2025–12.08.2025)
• Nümayəndə kimi uğurlu iştiraka görə sertifikat.
MƏKTƏBDƏNKƏNAR KURSLAR
• SONY Animation-da Animasiya əsasları kursu (2025)
• Başlanğıc səviyyəli animasiya kursunu tamamlamışam.
• Kadr ardıcıllığı və hekayə quruculuğunun əsaslarını öyrənmiş, qazandığım yeni
bacarıqları qısametrajlı animasiyalarda tətbiq etmişəm.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində musiqi təhsili (2017–2024)
• Fortepiano, musiqi nəzəriyyəsi və musiqi biliyi üzrə yeddi illik təhsilimi diplomla tamamlamışam.
• Məktəb konsertlərində fortepiano ifaçısı və ya soprano kimi xorun tərkibində çıxış etmişəm.
• Təhsil illərim ərzində intizam, uzunmüddətli öhdəlikləri yerinə yetirmə və yaradıcılıq bacarıqlarımı inkişaf etdirmişəm.
BACARIQLAR
Dil bacarıqları: Azərbaycan dili (ana dili); İngilis dili (C1); Rus dili (C1); Türk dili (C1)
Proqramlaşdırma bacarıqları: Java, Python, HTML
Yaradıcılıq bacarıqları: hekayə quruculuğu, rəsm, illüstrasiya
Digər bacarıqlar: komanda işi və əməkdaşlıq, problem həll etmə və tənqidi düşünmə, effektiv ünsiyyət
HOBBİLƏR VƏ MARAQLAR
Təsviri incəsənət
Həm ənənəvi eskiz, həm də rəqəmsal illüstrasiya ilə məşğul olmaq.
Fotoqrafiya
Müvafiq dövlət orqanları bu kimi sui-istifadə haqqında məlumatlara biganə qalmamalıdır. Nüfuzlu xarici universitetlərdə tələbələrin seçilməsi, imicini qoruyub saxlamış, insanların inandığı Dövlət İmtahan Mərkəzinə tapşırılmalıdır.
Bu günlərdə iqtisadiyyat üzrə magistratura pilləsində təhsil almaq üçün Oxford, Kembric kimi universitetlərdən qəbul almış bir tələbənin atası ilə görüşdüm. Adının açıqlanmasını istəməyən həmin şəxsin oğlu da, təəssüf ki, Dövlət Proqramına daxil edilməyib. O, tələbələrin seçilməsi zamanı şəffaflığın artırılması və sui-istifadə hallarının qarşısının alınmasına dair təkliflərini də mənə təqdim etdi. Xahiş edəcəm o təklifləri də dərc edəsiniz.
Dövlət Proqramının icrasındakı problemlər
• DPİQ əməkdaşlarının sayı, akademik keçmişi, təcrübəsi və kvalifikasiyası mövcud iş yükünə tam uyğun görünmür. Aparılan seçim prosesi bir çox hallarda universitetlərin qəbul prosedurlarından daha mürəkkəbdir. Biz adətən qəbul komandalarında inzibati heyətlə yanaşı təcrübəli akademik heyəti də görürük. DPİQ əməkdaşları və müraciətçilər arasında kommunikasiya həddindən artıq zəifdir və namizədlər bir çox məsələlər üzrə vaxtında və ətraflı məlumat ala bilmirlər.
• Universitet və proqram siyahısının formalaşdırılmasında ciddi uyğunsuzluqlar var. Öz sahəm üzrə nümunə verim. Bir çox hallarda maliyyə proqramları iqtisadiyyat başlığı altında, bəzənsə iqtisadiyyat proqramları maliyyə başlığı altındadır. Mən iqtisadiyyat üzrə siyahıda olan və olmayan UK iqtisadiyyat proqramlarını professoruma göstərdikdə həddindən artıq təəccüblənmişdi. 270-ci sırada olan Milan universitetinin 100% qəbul verdiyi (demək olar ki, hər müraciətçi qəbul alır) magistr proqramının siyahıya salınaraq Avropanın bir nömrəli iqtisadiyyat magistr proqramı sayılan LSE Msc Economics-in siyahıda olmaması anlaşılan deyil. Daha zəif reytinqli universitetdə siyahıya salınmış proqram maliyyələşdirilir, lakin Oxford, Cambridge və ya başqa yüksək səviyyəli universitetdən qəbul almış namizəd subyektiv müsahibəyə görə kənarda qala bilir.
• Prosesin gec başlaması və nəticələrin gec açıqlanması tələbələri ciddi maliyyə və akademik risklərlə üz-üzə qoyur. Nəticəni gözləyən tələbə ya öz vəsaiti hesabına ödəniş etməli, ya da universitetdəki yerini itirmək təhlükəsi ilə qarşılaşmalıdır. Məsələn, bu il tanıdığım Leyla adlı müraciətçi Cambridge Universitetindən şərtsiz qəbul almasına baxmayaraq, Dövlət Proqramından imtina cavabı aldı və universitetə ödədiyi 15 000 AZN məbləğində depoziti itirdi.
• Sağlamlıq haqqında arayış həm səhiyyə qurumlarının, həm də tələbələrin həddindən artıq vaxt və resurs itkisinə səbəb olur. Heç bir xəstəlik təhsil hüququnu məhdudlaşdırmır. Nəzərə alsaq ki, hər bir müraciətçi bir əvvəlki təhsil pilləsini bitirib, buna nə lüzum var? Hətta kiminsə xəstəliyi varsa Stephen Hawking-dən daha çox xəstə olmayacaq. Laızm olduqda qəbul edən ölkə lazımi analizləri, vaksinlər və s. visa prosedurunda tələb edir. Heç olmasa qaliblər elan olunduqdan sonra tələb oluna bilər.
• “Nüfuzlu universitet” anlayışı ilə fərdi müsahibə qərarı arasında ziddiyyət var. Proqram özü top universitetlərdə təhsil alanların sayını əsas uğur göstəricisi kimi təqdim edir. Hər il top universitetlər xüsusi vurğulanır. Lakin top universitetin ciddi qəbul prosesindən keçmiş namizədin ixtisas biliklərinin yerli müsahibə komissiyası tərəfindən aşağı qiymətləndirilməsi üçün daha güclü və detallı, ölçüləbilən əsaslandırma olmalıdır. Universitet qəbulunun avtomatik təqaüd demək olması düzgün olmazdı, amma həmin qəbulun çəkisi sahə ekspertinin 3-4 subyektiv suallarından daha yüksək olmalıdır. Sahə üzrə ekspertlərin sualları standart deyil.
• Apellyasiya mexanizmi yoxdur. Müsahibələrin videoçəkilişinin aparılması müsbətdir. Bununla belə, seçim qaydalarının açıq hissələrində namizədin videoya baxmaq, balların yenidən müstəqil komissiya tərəfindən yoxlanılmasını tələb etmək və ya konkret müddətdə formal apellyasiya vermək hüququ yoxdur. Video yalnız saxlanılırsa, lakin namizəd qərarın yoxlanılması üçün ondan istifadə edə bilmirsə, onun şəffaflıq funksiyası məhdud qalır.
• Hər yazınızda istinad etdiyiniz NK qərarının 4.21. maddəsi pozulur (4.21 Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir). Buna görə “ixtisas üzrə bilik və bacarıqları aşağıdır” kimi ümumi səbəb namizədə real olaraq harada zəif nəticə göstərdiyini anlamağa və qərarın düzgünlüyünü yoxlamağa imkan vermir.
• “Ixtisas üzrə bilik”, “məntiqi mühakimə” və “özünəinam” kimi anlayışlar geniş interpretasiya oluna bilər. Açıq qaydalarda hər bal səviyyəsinə uyğun konkret davranış göstəriciləri, standart suallar, düzgün cavab çərçivəsi və ya ixtisaslar üzrə vahid qiymətləndirmə göstərilmir. Bu isə eyni cavabın müxtəlif komissiyalar tərəfindən fərqli qiymətləndirilməsi riskini yaradır. Məsələn, “19 bal səviyyəsində ixtisas biliyi” ilə “12 bal səviyyəsində ixtisas biliyi” arasındakı ölçülə bilən fərq namizədə əvvəlcədən izah edilmir.
• Müsahibənin akademik göstəricilərdən və digər meyarlardan üstün tutulması. Dünyanın hər bir yerində iş və akademik müsahibələr həlledici yox yardımçı faktordur. DP isə sənəd qəbulu yekunlaşdıqdan sonra bütün backgroundu və akademik göstəriciləri sıfırlayır. Belə bir ssenari düşünək: Columbia magistr məzunu Siz və orta səviyyəli başqa bir universitet məzunu iki fərqli heyətdən olan komissiyaların müsahibələrində PHD proqramı üçün iştirak edirsiz və heç bir meyar, standart yoxdur. Rəqibiniz bir subyektiv balla Sizi üstələyir. Müsahibə komissiyasına bu qədər səlahiyyət və məsuliyyət vermək doğru deyil. Məsələn, Oxford universitetində müsahibələrin çəkisi ixtisasdan asılı olaraq 10-15 faiz aralığındadır. Dövlət proqramında isə 100%, yalnız ballar bərabər olduqda digər kriteriyalara baxılır. Problem müsahibənin mövcudluğu deyil, müsahibəyə həddindən artıq qərarverici səlahiyyət verilməsidir.
• Sənəd tələblərinin xarici universitetlərin prosedurları ilə uyğunlaşmaması. İlk dəfə sənədlərimi geri qaytararaq 3 gün vaxt verdilər. Tələb olunan sənəd isə First Class dərəcəsinin Azərbaycandakı qiymətləndirmə şkalasında qarşılığı idi. İkinci dəfə isə başqa bir sənəd istəyərək 24 saat vaxt verildi. Oxford məndən dil sertifikatı tələb etməmişdi. DP isə mənə yazırdı ki, Oxford üçün dil sertifikatı təmin edin. Söhbət DP-nin tələb etdiyi dil sertifikatından getmir, onu DP-yə təqdim etmişdim. Yazının sonunda isə təhdidvari şəkildə 24 saat ərzində sənədi təqdim etmədiyim halda proqramdan kənarlaşdırılacağım yazılırdı. Belə çıxır ki, namizədin nəzarətində olmayan universitet administrasiyasındakı gecikmə onun proqramdan kənarda qalmasına səbəb ola bilər.
• Maliyyələşmənin gecikməsi tələbələr üçün üzdə görünməyən bir çox problemlər yaradır.
Xalqcəbhəsi.az





















