Türkiyə Liviyanın şimal-qərbindəki Homs limanını 99 il müddətinə icarəyə götürüb. Elchi.az xəbər verir ki, bu barədə “TGRT” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Türkiyənin Homsda hərbi baza yerləşdirmək üçün icarəyə götürdüyü vurğulanır. Bu qərar Şərqi Aralıq dənizində ölkənin suverenliyini gücləndirməyə kömək edəcək, həmçinin Türkiyənin ərazi sularına nəzarəti gücləndirəcək və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.
Ankara Liviyadakı hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələrini və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir.
Daha əvvəl Türkiyə ilə Qazaxıstanın müdafiə sahəsində müqavilə imzaladığı məlum olub. Müqavilənin təfərrüatları açıqlanmayıb. Bununla belə, məlumdur ki, sənəd Qazaxıstan donanması üçün dəniz maşınlarının, ticarət gəmilərinin və əsas döyüş gəmilərinin layihələndirilməsi və tikintisini nəzərdə tutur.
Havar Şəfiyeva