ABŞ-nin müxtəlif ştatlarında Hellouin (Halloween) bayramı qeyd olunan zaman baş verən atışmalar nəticəsində 24 nəfər həlak olub, 90-dan çox insan isə yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə polis açıqlamalarına istinadən “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
“Bu, normal deyil. Biz heç vaxt silahsızlanma və ya silahlı zorakılığı həyatın bir hissəsi kimi qəbul etməməliyik”, – deyə Delaver ştatının qubernatoru Mett Meyer bildirib.
Ən ağır hallardan biri Texas ştatının Dallas şəhərində baş verib: “Dip-Ellum” rayonunda bir yarım saatdan az müddətdə üç atışma baş verib ki, nəticəsində azı dörd nəfər həlak olub, 15 nəfər yaralanıb. Florida ştatının Ceksonvill şəhərində iki ayrı insident zamanı iki nəfər ölüb, 11 nəfər yaralanıb.
Kaliforniyada “Spirit Halloween” kostyum mağazasındakı atışma hamilə qadının ölümünə və daha altı nəfərin yaralanmasına səbəb olub. Delaver ştatında bir saatdan bir qədər çox müddətdə iki kütləvi atışma baş verib: Ellendeyl şəhərində 17 yaşlı qız həlak olub, səkkiz nəfər yaralanıb, Nyuarkda isə altı nəfər xəsarət alıb. İnsidentlər, həmçinin Miçiqan, Kanzas, Texas, İllinoys, İndiana, Arkanzas və Missisipi ştatlarında da qeydə alınıb.
Amerika KİV-i “CNAW2” noyabrın 1-də Alabama ştatının Birmingem şəhərindəki “Legion Field” stadionunun yaxınlığında baş vermiş atışma barədə məlumat yayıb. Həmin hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Şəhər polis departamenti insidentdən sonra 85-ci illik “Magic City Classic” idman yarışına bağlı bütün tədbirlərin dayandırıldığını elan edib və sakinlərdən stadiona yaxınlaşmamağı xahiş edib. Nəşrdə atışmanın təfərrüatlarının hələlik qeyri-müəyyən olaraq qaldığı bildirilir.
Məryəm




















