Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısı hesab edilən Hindistan 2024-cü ilin fevral ayında yanvar ayı ilə müqayisədə Rusiya Federasiyasından xammal idxalını gündə 420 min barel azaldıb.
Elchi.az xəbər verir ki, “Bloomberg” bu barədə Beynəlxalq Enerji Agentliyinin ( BEA ) analitiklərinin statistik məlumatlarına istinadən məlumat yayıb.
Ekspertlər belə dinamikanı bir sıra amillərlə, o cümlədən Qərb ölkələrinin anti-Rusiya enerji sanksiyalarına əməl olunmasına nəzarətin gücləndirilməsi ilə əlaqələndiriblər. Bunun fonunda, BEA-nın məlumatına görə , Hindistanlı idxalçılar ikinci dərəcəli sanksiyaların altına düşmək riskindən ehtiyat edərək, Rusiya Federasiyasından xammal almaqda soyuyublar.
Asiya ölkəsindən alıcıların marağının azalması nəzərə alınmaqla, son qış ayında Rusiya neftinin orta gündəlik tədarükü sutkada 4,75 milyon barelə qədər azalıb. Eyni zamanda, 2023-cü ilin dekabrında bu rəqəm sutkada beş milyon barel pik səviyyəsində idi. Beləliklə, iki ay ərzində Rusiyadan xammal ixracı gündə 250 min barel azalıb, analitiklər belə qənaətə gəliblər.
Nuranə Məmmədova