"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

27 Avqust 2026 - 11:44
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər…”

Bunu da oxuyun

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

“Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən qüvvələr və ölkələr var”

Dünya siyasətində gərginlik pik həddə çatdığı bir vaxtda, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun Moskvaya gözlənilməz və qapalı səfəri böyük suallar doğurub. Vaşinqton və Kreml arasında gedən bu məxfi təmaslar Ukrayna cəbhəsindəki son eskalasiya, İran ətrafındakı böhran və Qərblə Çin arasındakı qlobal rəqabətlə birbaşa əlaqələndirilir.

Bəs, böyük güclərin pərdəarxası bazarlığında regionu nə gözləyir? Bakı-Moskva xəttindəki mövcud mənzərəni necə dəyərləndirmək olar? İrəvanın sülh prosesində vaxt qazanmaq gedişləri və regionda getdikcə dərinləşən güc mübarizəsi hansı nəticələrə gətirib çıxara bilər?

Bütün bu sualları Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “AzPolitika”ya müsahibəsində cavablandırır.

– Qüdrət bəy, bu gün yayılan məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Moskvaya gəlib və Rusiya rəhbərliyi ilə qapalı görüşlər keçirib. Müzakirə mövzularına dair müxtəlif versiyalar səsləndirilir. İddialara görə, İran müharibəsi ilə bağlı Rusiya və ABŞ arasında danışıqların aparılması və yaxud Ukrayna məsələsi üzrə müəyyən razılaşmanın təklif edilməsi gündəmdə ola bilər. Sizcə, əsas ehtimal hansı istiqamətlə bağlı ola bilər?

– Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Trampın qalib gəlməsi üçün onun xarici siyasətdə ciddi bir uğura ehtiyacı var. Bunun üçün ya İranda nəzərəçarpacaq bir qələbə əldə etməlidir, ya da Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanmasına nail olmalıdır. Hazırda bunların heç biri real görünmür. Belə olan halda, onun aralıq seçimində əhalidən ciddi dəstək alması çox çətin görünür. Müttəfiqlərlə münasibətlərdə də kifayət qədər dərin problemlər yaranıb. Həm Avropa ilə, həm də ABŞ-nin yaxın müttəfiqlərindən biri olan Kanada ilə münasibətlərdə. Tramp Venesuelada müəyyən uğur əldə edib. Amma Venesuelada əldə olunan nəticə digər problemlərin fonunda kifayət qədər kiçik görünür. Neftin qiyməti qalxıb, Amerikanın dövlət borcu da artıq 40 trilyon dolları keçib. Bu baxımdan, Trampı qarşıdakı dövrdə ciddi siyasi çətinliklər gözləyir.

– Yəni ABŞ-Rusiya danışıqlarının əsas mövzusu Ukraynadır…

– Yəqin ki, Rusiyaya deyilib ki, müharibənin davam etməsi Çini gücləndirir və bu, heç də Rusiyanın strateji maraqlarına cavab vermir. Çin hazırkı vəziyyətdə Rusiyaya özünün sənaye məhsullarını əlverişli qiymətlərlə satır, Rusiyadan əlverişli qiymətlərlə xammal alır. Mövcud vəziyyətin davam etməsi Qərbin, yəni ABŞ və Avropa İttifaqının, Cənubi Koreyanın, Yaponiyanın və s. Çinlə bağlı daha sərt siyasət yürütməsinə imkan vermir.

Bu baxımdan düşünürəm ki, ABŞ-nin Rusiyaya mesajı təxminən bundan ibarət ola bilər: Rusiya, Trampın seçkilərdə uğur qazanmasına imkan verəcək addımların atılmasına mane olmamalıdır. Siz ya İran məsələsində bizə dəstək verməlisiniz, ya da Ukrayna müharibəsinin uzanmasına imkan verməməlisiniz. Düşünürəm ki, əsas müzakirə mövzusu bundan ibarət ola bilər. Çünki Trampın məğlubiyyəti Rusiyaya yaxşı heç nə vəd etmir.

– Bəs müharibənin gedişatına necə baxırsınız? Biz daha uzaqmənzilli və daha dağıdıcı silahların istifadə olunduğunu görürük. Qarşıdakı ayda Rusiyada seçkilər keçiriləcək. Eyni zamanda, Ukraynada daxili siyasi proseslər aktivləşib. Sizcə, eskalasiyanın bu şəkildə dərinləşməsi həm Rusiya, həm də Ukrayna üçün nə vəd edir?

– Rusiyanın böyük xammal ehtiyatları var, həm də açıq söyləyək, Çin, Şimali Koreya və digər ölkələr onunla sıx əməkdaşlıq edirlər. Çin bir müddət əvvəl açıq bəyanat vermişdi ki, biz Rusiyanın məğlubiyyəti ilə barışmayacağıq. Onlar hesab edirlər ki, indiki cəbhə xətti üzrə atəşkəsin əldə olunması Rusiyanın məğlubiyyəti deməkdir. Halbuki Ukraynanın ərazilərinin təxminən 20 faizi hazırda Rusiyanın işğalı altındadır. Çinin razılığı olmadan Rusiyanın sülhə getməsi çətindir. Çin ABŞ-nin onunla anlaşmasını istəyir. Ona görə müharibənin necə bitəcəyi, hansı geosiyasi nəticələrə səbəb olacağı böyük güclərin öz aralarındakı anlaşmadan asılı olacaq.

– Niyə Amerika Çinlə anlaşa bilmir?

– Ona görə ki, Tayvan məsələsində tərəflərin mövqeləri fərqlidir. SSRİ dağılandan sonra birqütblü dünya yaranmışdı. İndi isə Çin iqtisadi və hərbi gücünü hiss edir, ikinci böyük qlobal güc kimi ABŞ ilə müəyyən məsələlərdə qarşı-qarşıya dayanır, onun maraqlarının nəzərə alınmasını tələb edir.

– Bəs Rusiyanın daxilində hansısa dəyişikliklər gözlənilirmi? Seçkiyə liberal qüvvələri buraxmadılar. Hökumət total izləmə kampaniyası həyata keçirir, qanunlarla çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Rusiya artıq dövlət və cəmiyyət olaraq təhlükəli qütbə çevrilib, hökumətin qidalandırdığı ideologiyalar həm özünə, həm də ətrafa ciddi təhlükə yaradır…

– Rusiya müharibədə məğlub olmayana qədər xalqın hansısa formada ciddi siyasi faktora çevrilməsi mümkünsüzdür. Kremldə anlayırlar ki, məğlubiyyət olacaqsa, ölkənin çöküşünün qarşısını almaq mümkün olmayacaq. O baxımdan, müharibəni davam etdirirlər və “Yabloko” namizədlərinin də seçkiyə buraxılmaması seçki kampaniyası dövründə sülh mövzusunun əsas məsələyə çevrilməsinin qarşısını almaq üçündür.

Qərb Ukraynaya müasir, daha böyük dağıdıcı gücə və daha yüksək dəqiqliyə malik silahlar, raketlər verərsə və yaxud həmin raketlərin hazırlanması texnologiyasını ötürərsə, bu halda, əlbəttə, vəziyyət köklü şəkildə dəyişəcək. Hal-hazırda Rusiyanın durumu o qədər kritik vəziyyətdə deyil ki, müharibəni dayandırsın. Rusiya belə hesab edir ki, Qərb geri çəkiləcək və artıq Ukraynanı məcbur edəcək ki, daha ciddi güzəştlərə getsin.

– Qüdrət bəy, belə versiyalar da var ki, MKİ direktorunun Rusiyaya gizli səfəri Rusiyanın Avropaya qarşı hansısa hərbi əməliyyatlar hazırladığı ilə bağlıdır. Bu günlərdə Qərb mediası yazır ki, Baltikyanı ölkələr artıq ciddi şəkildə müharibəyə hazırlaşırlar. Sədlər çəkilir, istehkamlar qurulur və minalar döşənir. Şərqi Avropada da narahatlıq artır. Belə bir ehtimal varmı ki, Rusiya Qərbə qarşı yeni cəbhə açmaq, daha sonra atəşkəsə və yaxud sülh danışıqlarına başlamaq istəyir?

– Az ehtimal olunur. Siyasətdə heç nəyi birmənalı şəkildə istisna etmək olmaz, amma bu ehtimal kifayət qədər azdır. Çünki Ukraynada müharibə aparmaq bir məsələdir, Polşaya və ya Baltikyanı ölkələrə qarşı hər hansı hərbi əməliyyata başlamaq başqa məsələdir. Belə olduğu təqdirdə NATO ölkələri Rusiyaya qarşı müharibəyə qoşulacaq. Bu halda isə Rusiyanın həmin müharibədə qalib gəlmək ehtimalı yoxdur. Rusiya nə üçün belə bir müharibəyə başlasın? Bu, artıq “özümü məhv edəcəyəm, sizi də özümlə birlikdə” məntiqinə çevrilə bilər. Nüvə silahından istifadə olunarsa, belə bir vəziyyətdə NATO-ya qarşı müharibəyə başlayan və onu davam etdirən şəxslərin özləri, onların ailələri, övladları və yaxınları sağ qalacaqlarmı?

Ona görə də düşünmürəm ki, Rusiya hazırda belə bir müharibəyə getsin. Amma çox vaxt Rusiya məntiqlə qərar qəbul etmir. Mən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayacağını da düşünmürdüm. Çünki bunun Rusiya üçün hansı nəticələrə səbəb ola biləcəyini proqnozlaşdıra bilirdim.

Düşünürəm ki, Rusiya indi Avropa ölkələrinə sadəcə olaraq təzyiq göstərir, qorxutmağa çalışır və istəyir ki, Ukraynı müəyyən güzəştlərə məcbur etsinlər, ona kömək etməsinlər. Rusiya müasir texnologiyaların Ukraynaya verilməsindən narahatdır.

Böyük Britaniya artıq uzaqmənzilli SCALP raketlərinin texnologiyası ilə bağlı məlumatların Ukraynaya veriləcəyini bəyan edib. Sabah isə “Tomahawk” raketləri ilə bağlı vəziyyət də dəyişə bilər. Əgər aralıq seçimində Tramp Konqresdəki çoxluğu itirsə, onun Rusiyanı müdafiə etmək imkanları xeyli zəifləyəcək. Mənə elə gəlir ki, danışıqların əsas mövzusu elə bununla bağlıdır. İranla müharibənin nəticəsi olaraq ABŞ müəyyən bir nəticə əldə etməlidir. Tramp ən azından Hörmüz boğazının hüquqi rejimini əvvəlki vəziyyətə qaytarmağa çalışır.

– O halda da başqa bir sual ortaya çıxır: İran buna gedəcəkmi? Yəni Rusiyanın təzyiqi ilə bu addımı atacaqmı?

– Bu başqa bir məsələdir. İran özünün xarici siyasətində rus faktorunu həmişə nəzərə alır. Çünki Rusiyanın İranın daxili siyasətinə təsir imkanları böyükdür. Bu, həm də gen yaddaşından qaynaqlanır. Çin İrana ciddi dəstək vəd etsə, İran riskə gedib Rusiyanın fikrini nəzərə almaya bilər. Ona görə ABŞ İranla müharibəni yekunlaşdıra bilmir və bütün variantlara əl atır. Döyüş meydanında qalib gəlmədən diplomatik yollarla böyük uğurlar əldə etmək çətin olur. Biz bunu öz təcrübəmizdən bilirik. SEPAH və İranın dini rəhbərliyi Pezeşkianın siyasi xəttini müdafiə etsə, İran müharibədən ləyaqətlə çıxa və uğurlu inkişaf yolu seçə bilər.

 

 

– Qüdrət bəy, Rusiyanın Azərbaycan və Ermənistanla bağlı siyasəti də gündəmdədir. Bakı-Moskva münasibətlərini necə xarakterizə edərdiniz: pis, yaxşı, yoxsa əla?

– Münasibətlər arzu olunan səviyyədə yaxşı olmasa da, mən pis də deməzdim. Münasibətləri o zaman pis adlandırmaq olar ki, dövlətlər artıq bir-birinə qarşı konkret qərarlar qəbul etsinlər və real addımlar atsınlar. Hər zaman deyirəm ki, biz dövlətin nüfuzunu və suverenliyini qorumaq şərtilə Rusiya ilə qarşıdurmadan yayınmalıyıq. Rusiyanı inandırmalıyıq ki, Ermənistanın sülhə getməsinə icazə versin. Bizim Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən yaxın və uzaq xaricdə çoxlu qüvvələr və ölkələr var. Azərbaycanın vəziyyəti belədir: bir qrup insan bizdən narazıdır ki, siz Rusiya ilə niyə belə davranırsınız; bir qrup insan narazıdır ki, siz niyə İsraillə yaxınlaşırsınız; digər bir qrup insan da çox narazıdır ki, siz niyə İranla yaxınlaşırsınız. Azərbaycan öz xarici siyasətində dövlət maraqlarını hər zaman ön planda tutmalıdır. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu siyasəti kifayət qədər uğurla davam etdirir və bir çox qüvvələrə artıq bunu qəbul etdirib ki, Azərbaycan öz maraqlarından çıxış edəcək.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Rusiyanın dəstəyinə ehtiyacımız var. Moskvanın xeyir-duası olmadan Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması o qədər də inandırıcı görünmür. Ermənistanda keçirilən son seçkilərdə seçkinin nəticələrinin dərhal elan olunmaması Paşinyanın nəticələrə “əl gəzdirdiyini” ortaya qoydu, o, Konstitusion çoxluq əldə edə bilərdi, amma etmədi. Çünki Rusiyanın sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını bilir. Rusiya Paşinyandan xarici siyasət kursu ilə əlaqədar referendum keçirməyi tələb etməklə onun Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirməsini çətinləşdirir. Bu, bir tərəfdən də Qərbə mesajdır ki, “görürsünüz, mən artıq referendum keçirə bilmirəm”. Ermənistanda referenduma getmək üçün parlamentdə qərar qəbul olunmalıdır. Moskva da referendum tələb etməklə nəsə planlaşdırır.

– Amma dünən eks-prezident Koçaryanı həbs etdirdi…

– Paşinyan bununla Rusiyaya mesaj verir: “Məndən öz maraqlarınız üçün yararlanırsınız, eyni zamanda Köçəryanı mənə qarşı təzyiq vasitəsi kimi saxlayırsınız, buna ehtiyac yoxdur”. Köçəryan, Sarkisyan həqiqətən də korrupsiyaya bulaşmış şəxslərdir, hərbi və bəşəri cinayətlərə görə məhkum olunmalıdırlar. Azərbaycan Ermənistandan bu cinayətkarları tələb etməlidir. Allah cəzalarını verir, amma biz özümüz onları cəzalandırsaydıq, daha yaxşı olardı.

Paşinyan hazırda məharətlə oyun oynayır. Amma bir gün bu oyunların sonu olacaq. Paşinyan həm də indiki həbslərlə bağlı Qərbə deyə bilər ki, “Mənə parlamentdə referenduma getməklə bağlı qərar qəbul etdirmək üçün əlavə 6-7 səs lazımdır, qarşı tərəfdə olanları qorxuduram və təzyiq nəticəsində oradan 6-7 səs ala biləcəyəm”. Paşinyan ilin sonuna qədər Konstitusiya layihəsini ictimaiyyətə açıqlamalıdır. Amma sonra məsələ parlamentə gəlməlidir.

Onu da qeyd edim ki, Amerika Ermənistanda Aİ texnologiyalı mərkəzlər qurur. Orada bir çox startaplar maliyyələşdiriləcək, bir çox işlər görüləcək. Uzun müddətdir müəyyən dairələr bu istiqamətdə fəaliyyət göstərirlər. Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər. Onlar fikirləşirlər ki, gələcəkdə Azərbaycana qarşı müəyyən addımlar ata bilərlər. Zamanla Azərbaycanın nefti tükənəcək, Türkiyə İsraillə, yaxud başqa bir dövlətlə münaqişəyə cəlb olunub zəiflədilə bilər və s.

– Türkiyə ilə İsrail arasında müharibə gözləyirsiniz?

– Bəzən ölkələr istəmədiyi münaqişələrə də cəlb olunur. Türkiyəni Rusiya ilə, Yunanıstanla, Səudiyyə Ərəbistanı ilə müharibəyə cəlb etmək istəyirdilər, indi də İsraillə müharibəyə cəlb etmək istəyirlər. Türkiyənin güclənməsini istəməyən qüvvələr var. İsrail kiçik dövlət olsa da, bəzi böyük dövlətlərin malik olmadığı imkanlara sahibdir. Öz müdafiə sistemi və nüvə silahı var. Türkiyəni həqiqətən də böyük təhlükə qarşısında qoya bilərlər. Bunu çoxları ciddi qəbul etmir, amma məncə, Pakistanla Türkiyə arasında Səudiyyə Ərəbistanı ilə birlikdə hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə haqqında sazişin imzalanması məhz bu narahatlıqdan qaynaqlanır.

Yəni Pakistanın nüvə silahı çəkindirici faktor kimi çıxış edir və İsrailin nüvə silahından istifadə etməsinin qarşısını ala bilər. Amma Pakistan Türkiyədə, Səudiyyə Ərəbistanında nüvə başlığı saxlaya biləcəkmi? Türkiyənin Pakistanla birgə həmin silahdan istifadə etmək imkanı olacaqmı? Yalnız bu halda, Pakistanın nüvə silahı real çəkindirici faktor ola bilər.

Türkiyə öz nüvə silahını əldə edənə qədər daha təmkinli siyasət yürütməli, həm Yunanıstanla, həm də İsraillə hər hansı qarşıdurmadan maksimum dərəcədə yayınmalıdır. 2015-ci ildə Türkiyə ilə Rusiya arasında təyyarə insidenti baş verdi. Bundan sonra münasibətlərdə ciddi gərginlik yarandı. Həmin gərginliyin aradan qaldırılmasında Azərbaycan da böyük rol oynadı. Belə qarşıdurmalar Türkiyə üçün də, region üçün də ağır nəticələr yarada bilər. Bunu nəzərə alan Azərbaycan qardaş Türkiyə ilə dost İsrail arasındakı münasibətlərin yaxşılaşdırılmasında müəyyən rol oynamağa çalışır.

– Sülh sazişi məsələsinə qayıdaq. Belə çıxır ki, regional qüvvələr bunu istəmir, o zaman perspektivi necə görürsünüz?

– Hesab edirəm ki, Azərbaycan və tərəfdaşları Ermənistana maksimum dərəcədə təzyiq etməlidirlər, eyni zamanda Rusiya ilə danışıqlar aparmalıyıq. Mən həmişə deyirəm: biz nə qədər ki, güclüyük, sülh sazişinin imzalanmasına çalışmalıyıq. Çalışmalıyıq ki, iqtisadi göstəricilərə görə Ermənistandan həmişə üstün olaq. İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki, iqtisadiyatımız daha da güclənsin.

Keçmiş sovet respublikalarının, Türkiyə və İranın iştirakı ilə Çinlə Avropa İttifaqı arasında yeni bir Avrasiya Birliyinin yaranması mümkündür. Vahid valyuta, ümumi bazar, vahid gömrük və viza sistemi və s. Hazırda sərhədlərimiz bağlıdır. Azərbaycanlılar Gürcüstandakı və İrandakı soydaşları ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Mənəvi və milli birliyimizin qorunması baxımından sərbəst hərəkət imkanlarının olması vacibdir. Bu, həm də bizim təhlükəsizliyimiz üçün zəruridir.

Əlbəttə, sərhədlərin açılması qonşu ölkələrdə bəzi gündəlik tələbat mallarının və səhiyyə xidmətlərinin ucuz olması səbəbindən ilkin mərhələdə Azərbaycan üçün müəyyən maliyyə itkilərinə səbəb ola bilər, amma bunun çıxış yolu iqtisadi islahatlar həyata keçirməkdir. Ölkəmiz xarici investisiyalar üçün cəlbedici olmalıdır.

Mülkiyyətin toxunulmazlığını təmin etmək üçün məhkəmə islahatları genişləndirilməlidir. Biznes fəaliyyəti ilə bağlı bütün mübahisələrə, o cümlədən sahibkarla dövlət qurumu arasında yaranan mübahisələrə də inzibati məhkəmədə yox, kommersiya məhkəməsində baxılması daha məqsədəuyğun olar. Pilot layihə kimi, kommersiya məhkəmələrində işlərə andlı iclasçılar institutunun tətbiqi ilə baxılmalıdır. Məsələn, azərbaycanlı sahibkarların öz aralarında mübahisələri həll etmələri üçün xarici arbitraja müraciət etmək imkanları olmalıdır. Niyə buna imkan verilməsin? Şirkətlər hesab edirlərsə ki, mübahisəni Azərbaycanda deyil, xarici arbitrajda həll etmək istəyirlər, bunun üçün hüquqi imkan yaradılmalıdır.

Previous Post

Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

Next Post

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

Bənzər yazılar

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib. Elchi.az...

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

26 Avqust 2026 - 16:38

İran və Oman Hörmüz boğazında gəmiçilikdən gələn gəlirlərin bölünməsi barədə razılığa gəliblər. Elchi.az xəbər verir ki, bu barədə İslam İnqilabı...

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Next Post
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ

Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ

27 Avqust 2026 - 13:40
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq – PROQNOZ

27 Avqust 2026 - 12:28
DİM magistratura imtahanlarının statistikasını açıqladı

DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub

27 Avqust 2026 - 12:25
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Subbakalavrların ali məktəblərə qəbulunda azalma qeydə alınıb

27 Avqust 2026 - 12:23
DİM bu imtahanın nəticələrini elan etdi

DİM ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları açıqladı

27 Avqust 2026 - 12:12
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

27 Avqust 2026 - 11:58
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

27 Avqust 2026 - 11:48
“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

27 Avqust 2026 - 11:44
Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

27 Avqust 2026 - 11:32
Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

27 Avqust 2026 - 11:30
Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

27 Avqust 2026 - 11:25
Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

27 Avqust 2026 - 11:13
DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

27 Avqust 2026 - 11:07
Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

27 Avqust 2026 - 11:00
UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

27 Avqust 2026 - 10:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.