Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mühüm imkanlar mövcuddur. Hazırda həmin ərazilərdə Azərbaycanın ən iri bərpa və yenidənqurma proqramı həyata keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumu 2026-nın açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Orta Dəhliz üzərində yerləşən Azərbaycan logistika və tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir, Avropa, Mərkəzi Asiya və Asiya arasında mühüm bağlantı rolunu oynayır:
“Bu yanaşmanın nəticələri artıq özünü göstərir. 2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda orta illik artım 6 faiz təşkil edib. Qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payı 58 faizdən 71 faizə yüksəlib.
Qeyri-neft-qaz ixracı isə 2018-ci illə müqayisədə iki dəfədən çox artıb.
Əməkdaşlığımızın praktik xarakteri bu gün də özünü göstərəcək. Azərbaycan Biznesin İnkişafı Fondu ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Çərçivə Agentlik Sazişi də daxil olmaqla bir sıra sənədlər imzalanacaq ki, bu da biznes subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirəcək”.




















