İqlim dəyişmələri eyni ərazidə yerləşən meşələrə, açıq sahələrə və təpəliklərə fərqli təsir göstərə bilər. Bitki örtüyü, buludluluq, torpağın nəmliyi və relyef yerli mikroiqlimlərin formalaşmasında mühüm rol oynayır. Bu fərqlərin öyrənilməsi biomüxtəlifliyin iqlim dəyişikliklərinə necə reaksiya verəcəyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Elchi.az xəbər verir ki, bu barədə “Global Change Biology” jurnalında dərc olunan beynəlxalq tədqiqatda məlumat verilib. Alimlər mikroiqlimlərin iqlim dəyişikliyi fonunda necə dəyişdiyini araşdırıb və bu prosesə təsir göstərən əsas amilləri müəyyənləşdiriblər.
Tədqiqatın aparıcı müəllifi, Stokholm Universitetinin tədqiqatçısı Karolin Qreyzerin sözlərinə görə, iqlim dəyişmələri əsasən regional və qlobal temperatur göstəriciləri ilə qiymətləndirilsə də, canlı orqanizmlərin yaşadığı mühitlərdə temperatur dəyişiklikləri bu göstəricilərdən fərqlənə bilər. Araşdırmada müəyyən edilib ki, mikroiqlimlərə təsir edən əsas amillərdən biri bitki örtüyüdür. Meşələrin, kolluqların və digər bitki örtüyünün dəyişməsi günəş şüalarının torpaq səthinə çatmasına və səthin istilik itirməsinə təsir göstərir. Nəticədə eyni ərazinin müxtəlif hissələrində temperatur dəyişiklikləri fərqli ola bilər.
Tədqiqatda təqdim olunan model simulyasiyalarından birinə əsasən, Türkiyədə kol və ağacların açıq çöllərə yayılması yer səthinə yaxın havanın temperaturunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Ən isti günlərdə kolluqların yayıldığı ərazilərdə temperatur açıq sahələrlə müqayisədə 16 dərəcəyədək aşağı ola bilər. Bu ssenari açıq ərazilərin regional istiləşmədən daha çox təsirlənə biləcəyini göstərir.
Alimlər bulud örtüyünün də mikroiqlimlərə təsirini xüsusi qeyd edirlər. Buludluluğun azalması günəş şüalarının yer səthinə daha çox çatmasına və açıq sahələrin daha sürətlə isinməsinə səbəb ola bilər. Meşəlik ərazilərdə, kölgəli yamaclarda və rütubətli torpaqlarda isə temperatur dəyişiklikləri fərqli xarakter daşıya bilər. Araşdırmada vurğulanır ki, yeni sensor şəbəkələri, uzunmüddətli müşahidələr və kompüter modelləri mikroiqlim dəyişikliklərinin daha dəqiq öyrənilməsinə imkan yaradır.
Alimlərin fikrincə, mikroiqlim dəyişikliklərinin nəzərə alınması bitki və heyvan növlərinin gələcəkdə hansı ərazilərdə yaşamağa davam edə biləcəyini, eləcə də hansı mühitlərdə iqlim dəyişmələrinə daha həssas olacağını proqnozlaşdırmağa kömək edir. Tədqiqatın nəticələri biomüxtəlifliyin qorunması, torpaq ehtiyatlarının səmərəli idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarının hazırlanması baxımından əhəmiyyətlidir.





















