Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək səlahiyyəti olmadan hüquq-mühafizə qaydalarına riayət olunmasına nəzarət edəcəklər.
Elchi.az “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, müdafiə naziri Quido Krozetto hərbçilərin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olub, lakin respublika prezidenti ilə məsləhətləşmələrdən sonra ilkin mətnə daxil edilmiş bu tədbir ləğv edilib. Bundan əlavə, yeni fərman həddi-büluğa çatmayanların iğtişaşlara görə məsuliyyətinin sərtləşdirilməsini, habelə nümayişlər zamanı zorakılıq hərəkətlərinə görə cinayət təqibini nəzərdə tutur. Cəza tədbirləri, o cümlədən saxlanılmalar 14 yaşdan yuxarı yeniyetmələrə şamil edilə bilər. Bu tədbirlər Milanda qiymət artımına qarşı keçirilən və iştirakçılarının 80%-i həddi-büluğa çatmayanlar olan nümayişlərdəki iğtişaşlardan sonra qəbul olunub.
Hakimiyyət orqanları xuliqanlıq və mağazaların qarət edilməsi ilə müşayiət olunan bu kimi aksiyaların gələn həftəsonu yenidən təkrarlana biləcəyindən ehtiyat edir.
“La Repubblica” qəzeti qeyd edir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında hazırkı fərman son dörd ildə yeddinci fərmandır. Əvvəllər qəbul edilmiş fərmanlar, o cümlədən profilaktik həbs haqqında qərar gözlənilən nəticəni verməyib və bu, “onların uğursuzluğundan xəbər verir”. Nəşr vurğulayır ki, hər şey 2022-ci ildə Corciya Meloni hökumətinin hakimiyyətə gəlişindən dərhal sonra, “reyv” şənliklərinə karşı fərmanın qəbul edilməsi ilə başlayıb. Sonrakı fərmanlar qeyri-obyektiv rayonlarda uşaq cinayətkarlığı ilə mübarizəyə, eləcə də hazırkı hökumətlə əks siyasi baxışlara malik gənclərin toplaşdığı “sosial mərkəzlər”in iştirakçılarına qarşı yönəlmişdi.
Məryəm





















