Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir.
Elchi.az xəbər verir ki, “The Guardian”-ın yazdığına görə, Kiyev təqribən 70 milyard avro maliyyə çatışmazlığı ilə üzləşir, Aİ və onun üzv ölkələri isə artıq ölkənin maliyyə ehtiyaclarının təxminən 80%-ni təmin edir.
Büdcələrə artan təzyiq fonunda Avropa müttəfiqləri öz tərəfdaşlarından əlavə vəsait cəlb etməyə ümid edirlər. Aİ Ukraynaya 90 milyard avro kredit ayırmağa da razılaşıb.
Böyük Britaniya daha əvvəl Ukraynaya 25 milyard funt-sterlinq yardım, o cümlədən 16 milyard funt-sterlinq hərbi dəstək göstərməyi öhdəsinə götürmüşdü. Bununla belə, Avropa ölkələri hesab edir ki, gələn il üçün yeni maliyyə öhdəlikləri əldə etmək lazımdır.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ÜDM-də xüsusi çəkisi kimi Ukraynaya yardımın məbləği ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir: Böyük Britaniyanın göstəricisi 0,86%, Fransanın 1,1%, Almaniyanın isə 1,5%-dir. Müqayisə üçün qeyd edək ki, Danimarka ÜDM-in 4,2%-nə, Estoniya isə 3,8%-ə bərabərdir.
Noyabrın 20-də keçiriləcək Aİ-Böyük Britaniya sammitində Ukraynaya əlavə dəstək məsələsinin müzakirəsi planlaşdırılır. Bundan başqa, tərəflər sanitariya standartları, tullantıların ticarəti və gənclərin mobilliyi ilə bağlı danışıqları irəli aparmaq niyyətindədirlər.
Yeganə





















