Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib.
Şuradan APA-ya verilən məlumata görə, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaq, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.
Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək. Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masaların təşkili planlaşdırılır. Həmçinin paytaxtda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans da keçiriləcək. Dəyirmi masalar və konfransda KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin iştirakı nəzərdə tutulur.