Ukraynada müharibə davam edərkən, Moskvanın yanacaq təchizatını təmin etmək səyləri çərçivəsində Cənubi Koreyadan Rusiyaya sanksiya tətbiq edilmiş tankerlərlə yanacaq daşındığı məlum olub. Ekspertlər bildirirlər ki, bu vəziyyət Seulun Kiyevə göstərdiyi açıq dəstəyi sarsıdır.
Elchi.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin liman qeydləri və gəmilərin izlənilməsi məlumatlarına əsaslanan təhlilinə görə, iyul və avqust ayları ərzində müxtəlif Cənubi Koreya limanlarında yeddi tankerə 176 000 tondan çox yanacaq (əsasən dizel) yüklənib.
Bu tankerlər Rusiyanın Uzaq Şərq bölgəsinə ümumilikdə 14 reys həyata keçirib. Müəyyən edilib ki, sözügedən gəmilərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiya siyahılarına daxil edilib.
Gəmilərdən biri öz yükünü Cənubi Koreyanın ərazi sularında “gəmidən-gəmiyə” ötürmə üsulu ilə qəbul edib. Məlumdur ki, bu üsul yükün mənşəyini gizlətmək və gəmilərin liman terminallarına yan almasının qarşısını almaq məqsədilə istifadə olunur.
Sanksiya rejiminin zəifləməsi ilə bağlı tənqidlər
Finlandiyada yerləşən Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) analitiki İsaak Levi Avropa İttifaqının sanksiya tətbiq etdiyi tankerlərin Cənubi Koreya limanlarında Rusiyaya daşınmaq üçün yanacaq yükləməsini təəccüblü adlandırıb və bildirib ki, bu vəziyyət həm sanksiya rejimini, həm də Cənubi Koreyanın Ukraynaya dəstəyini zəiflədir.
İndiyədək Seul administrasiyası Ukraynaya humanitar yardım və dəbilqə, zirehli jilet və mina təmizləyən texnika kimi ölümcül olmayan hərbi təchizat göndərib. Bundan əlavə, 2023-cü ildə ölkə 2,3 milyard dollar həcmində dəstək vəd edib ki, bunun da böyük hissəsi kreditlər şəklində olub. Bununla belə, Cənubi Koreya Ukraynaya göstərdiyi dəstəklə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyi arasında tarazlıq yaratmağa çalışır. Müharibə dövründə Seul, müharibə aparan tərəflərə ölümcül silahlar təchiz etməmək siyasətinə uyğun olaraq, Ukraynaya birbaşa ölümcül silahlar göndərməkdən imtina edib.
Şayəstə





















