Yaponiya hökuməti silahların işlənməsi, istehsalı və ixracına mərkəzləşdirilmiş nəzarəti həyata keçirmək üçün dövlət qurumlarının və özəl biznesin nümayəndələrinin iştirakı ilə vahid struktur yaratmağa hazırlaşır.
Elchi.az “Kyodo” informasiya agentliyinə istinadən xəbər verir ki, bu struktur 1 oktyabr 2027-ci ildə fəaliyyətə başlamalıdır.
Məlumata əsasən, Tokio əvvəlki illərdə hərbi sənayeyə kifayət qədər sərmayə qoyulmaması səbəbindən istehsal güclərinin çatışmazlığı ilə üzləşən ABŞ və Aİ ölkələrinin təcrübəsini nəzərə almaq niyyətindədir. Yaponiya hökuməti yeni hərbi texnologiyalardan, ilk növbədə dronlardan istifadə etməklə uzunmüddətli döyüş əməliyyatlarının aparılması üçün əvvəlcədən potensial yaratmağı planlaşdırır.
İlkin mərhələdə yeni struktur Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin 300 nümayəndəsindən, eləcə də özəl korporasiyaların əməkdaşlarından ibarət olacaq. 2031-ci ilə qədər onun ştatının 600 nəfərə çatdırılması planlaşdırılır. Xüsusilə, xaricdə sövdələşmələrin bağlanmasında zəngin təcrübəyə malik aparıcı ticarət korporasiyalarının nümayəndələrinin cəlb edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Yaponiya xarici alıcılarla mərkəzləşdirilmiş vahid danışıqlar mexanizmi vasitəsilə silah ixracını təşkil etməyi planlaşdırır. Müvafiq qanun layihələrinin 2027-ci ilin birinci yarısında parlamentə təqdim edilməsi nəzərdə tutulur.
Məryəm





















