Astronomlar ölən bir ulduzun qalıqlarından yaranmış və əvvəllər müşahidə edilənlərdən tamamilə fərqlənən yeni bir planet kəşf etdiklərinə inanırlar. Mütəxəssislər bildirirlər ki, ətrafında dövr etdiyi ölü ulduzun materialından təşkil olunmuş belə bir “ikinci nəsil” planet ilk dəfədir ki, müşahidə edilir.
Elchi.az xəbər verir ki, tədqiqata rəhbərlik edən Uorvik Universitetinin doktorantı Ceymi Uilyams deyib: “İkinci nəsil planetlər, ulduzun ölümü zamanı ətrafa saçdığı materialdan yaranan dünyalardır. Onlar son dərəcə nadirdir və ağ cırtdan ulduzun ətrafında belə bir planetin tapılması tamamilə gözlənilməz idi. Bu, sanki bir vaxtlar ətrafında dövr etdiyi ulduzun küllərindən yenidən doğulmuş bir planet tapmağa bənzəyir.”
Ağ cırtdan ulduzun ətrafında ilk müşahidə
Astronomlar daha əvvəl pulsar kimi tanınan sıx ulduzların ətrafında belə “yenidən doğulmuş” dünyaların potensial nümunələrini aşkar etmişdilər. Lakin bu tip planetin ağ cırtdan ulduzun ətrafında müşahidə edilməsi ilk haldır. Kainatda ölü ulduzların daha geniş yayıldığını nəzərə alsaq, bu kəşf kosmosda əvvəllər təxmin ediləndən daha çox “yenidən doğulmuş” planetin ola biləcəyini göstərir.
Ağ cırtdanlar, ulduzun yanacağı tükəndikdən sonra geridə qalan çökmüş nüvələrdir. Bu ulduzlar yaxınlıqdakı materialı özlərinə doğru çəkir və astronomların ətraflarında dövr edən planetlər haqqında məlumat əldə etmək üçün istifadə edə biləcəkləri kimyəvi izlər buraxırlar.
Şayəstə





















