Əlcəzair Nigerdə mümkün hərbi əməliyyat üçün Fransaya hava məkanı verməkdən imtina edib. Elchi.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət radiostansiyası “Radio Algerienne” məlumat yayıb.
“Əlcəzair qonşu Nigerdə istənilən xarici hərbi əməliyyata qarşıdır və konstitusiya quruluşunu bərpa etmək üçün diplomatiya prinsiplərinə riayət edir”, – deyə dövlət radiosu bildirib.
Əlcəzairin Fransa hərbi təyyarələrinə hava məkanı verməsi qadağası 2021-ci ildən qüvvəyə minib. Sonra Əlcəzair hakimiyyəti Fransa prezidenti Emmanuel Makronun ölkənin siyasi rejimi və davam edən tarixi siyasəti ilə bağlı sözlərinə mənfi reaksiya verib və onu dövlət suverenliyinə hörmətsizlikdə ittiham edib.
Qeyd edək ki, Fransa ilə Əlcəzair arasındakı münasibətlər tarixi miras səbəbiylə bu günə qədər gərgin olaraq qalır. Müstəmləkəçilik dövründə Əlcəzair formal olaraq birbaşa Fransa dövlətinin ərazisi idi. Afrika ölkəsinə müstəqillik vermək istəməməsi Şarl de Qollun dövründə qanlı münaqişəyə çevrildi. Müstəqilliyə nail olmasına baxmayaraq, Əlcəzair hələ də Fransaya mənfi münasibət bəsləyir, münasibətləri əritmək üçün edilən hər cəhddə uğursuzluğa düçar olur.
Havar Şəfiyeva