Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş çıxışı, eləcə də jurnalistlərin suallarına cavabları dünya xəbər agentliklərinin və nəşrlərinin diqqətini cəlb edib.
Elchi.az xəbər verir ki, xarici KİV-lər Azərbaycan dövlət başçısının Rusiyada AZAL-a məxsus təyyarənin qəzaya uğraması, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi tələbi ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirib.
Polşanın “Viadomosci” nəşri qeyd edir: “Azərbaycan tərəfi təqsirkarların məsuliyyətə cəlb edilməsində və dəymiş ziyanın ədalətli şəkildə ödənilməsində israrlıdır. Prezident İlham Əliyev bildirdi ki, Moskva hələlik dəqiq cavablar verməyib və ölkə beynəlxalq məhkəmə orqanlarına müraciət etmək niyyətindədir”.
Ukrayna KİV-ləri – “Ukrinform”, “RBC-Ukrayna”, “İnterfaks-Ukrayna” və “Azadlıq” radiosu dövlət başçısının Qafqaz və Ukraynadakı münaqişələrlə bağlı mövqeyini vurğulayan sitatlarla materiallar dərc ediblər. Xüsusilə, “Qordon” nəşri Prezident İlham Əliyevdən sitat gətirir:
“İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”.



















