ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib.
Elchi.az xəbər verir ki, bu barədə o, “TIME” jurnalına verdiyi müsahibədə bildirib.
Seçkilərdən sonra yeni zərbələrin endirilməsi ehtimalı barədə suala Tramp “Mümkündür” deyə cavab verib. O, həmçinin ABŞ-nin böyük silah ehtiyatlarına malik olduğunu və ölkəsinin bunları müttəfiqlərinə ötürməyə hazır olduğunu bəyan edib.
Müsahibə zamanı Amerika lideri Tehranla sülhə nail olmağın mümkün olmadığını bildirərək İranın “məhv edilməsinə” icazə verdiyini diqqətə çatdırıb. Jurnalistin İranın məhv edilməsi ilə bağlı əvvəllər səslənən bəyanatlara dair sualına Tramp belə cavab verib: “Bəli, mən bunu edərdim, bu mümkündür”.
Tramp həmçinin Tehranın Hörmüz boğazının açılması ilə bağlı təklifini kifayət qədər yaxşı hesab etmədiyini vurğulayıb.
Müsahibəsində ABŞ prezidenti əlavə edib ki, onun rəhbərliyi olmasaydı, Səudiyyə Ərəbistanı və İsrail mövcudluğunu dayandıra bilərdi: “Əgər mən prezident olmasaydım, indi nə Səudiyyə Ərəbistanı, nə də İsrail var idi. Onları yer üzündən silərdilər”.
Silah ehtiyatlarından danışan Tramp qeyd edib ki, ABŞ son altı ay ərzində onları artırıb. Onun sözlərinə görə, öz ehtiyatlarını doldurduqdan sonra Vaşinqton silahları müttəfiqlərinə ötürə biləcək.
Məryəm




















