Almaniya Federal Şəbəkə Agentliyi elektromobil sahiblərinə avtomobil batareyalarından evləri qidalandırmaq və elektrik enerjisini şəbəkəyə ötürmək üçün istifadə etməyə icazə verib.
Elchi.az xəbər verir ki, bu barədə oktyabrın 1-də “Reuters” məlumat yayıb.
Yeni qaydalar elektromobil sahiblərinə günəş panelləri ilə istehsal olunan və ya şəbəkədən alınan elektrik enerjisini avtomobillərin batareyalarında toplamağa, daha sonra isə ondan məişət ehtiyacları üçün istifadə etməyə və ya şəbəkəyə geri satmağa imkan verəcək.
Əvvəllər subsidiyalaşdırılan günəş elektrik stansiyalarının sahibləri akkumulyatorlarda günəş və şəbəkə enerjisini qarışdırdıqlarına görə Almaniyanın Bərpa Olunan Enerji Mənbələri Haqqında Qanun (EEG — Erneuerbare-Energien-Gesetz) proqramı çərçivəsində ödənişlərdən məhrum ola bilərdilər. Tənzimləyicinin qərarı bu məhdudiyyəti aradan qaldırır. Müxtəlif enerji mənbələrinin uçotunu aparmaq üçün 15 dəqiqəlik intervalla işləyən sayğac göstəricilərindən istifadə olunacaq. Bu, günəş, şəbəkə və toplanmış elektrik enerjisini ayrı-ayrılıqda qeydə almağa şərait yaradacaq.
Keçid dövrü 2027-ci il sentyabrın 30-dək davam edəcək. Bu müddət ərzində istifadəçilər uçot, məlumatların emalı və hesab-faktura sistemlərini uyğunlaşdırmaq üçün elektrik şəbəkəsi və sayğac operatorları ilə razılaşdırma aparmalı olacaqlar.
Məryəm





















