“Su-24” təyyarəsinin vurulmasından sonra Türkiyə və Rusiya arasında başlayan gərginlik getdikcə dərinləşməkdədir. Maraqlıdır, elə bir məqam gəlib çata bilərmi ki, rəsmi Bakıdan Türkiyə və ya Rusiyadan yana qəti seçim etmək tələb edilsin?
Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Azərbaycan qarşısında belə bir tələbin qoyulmayacağını vurğuladı:
“Azərbaycan Türkiyə və Rusiya arasında qəti seçim qarşısında qalmayacaq. Çünki hər kəs bilir ki, Türkiyə Azərbaycana qardaş olan bir dövlətdir. Türkiyə-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğu bütün dünyaya məlumdur.
Rusiyaya gəlincə, Rusiya Azərbaycana qonşu dövlətdir və bu dövlətə ölkəmiz arasında normal münasibətlər var. Belə bir münasibət Azərbaycanın da dövlət marağına tamamilə uyğundur. Ona görə də hesab etmirəm ki, gərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda Azərbaycandan birmənalı şəkildə hansısa dövlətdən yana seçim etmək tələb olunsun”.