Qərbi Nil virusu Avropa boyunca yayılır. Bu il Yunanıstanda 396, Niderlandda 44, Xorvatiyada 15 və Belçikada 10 yoluxma halı qeydə alınıb; ümumilikdə 9 ölüm faktı bildirilib.
Elchi.az xəbər verir ki, Yunanıstanda bir həftə ərzində 3 ölüm və 26 yeni yoluxma halı
Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) məlumatlarına əsasən, sentyabrın 18-dən 24-dək Qərbi Nil virusuna yoluxma ilə bağlı 26 yeni hal aşkarlanıb.
Bununla da ölkədə ilin əvvəlindən sentyabrın 24-dək qeydə alınan ümumi yoluxma hallarının sayı 396-ya çatıb.
Ölkədə Qərbi Nil virusu səbəbindən ölüm hallarının sayı bir həftə ərzində 3 nəfər artaraq 36-ya yüksəlib.
Dünyasını dəyişənlərin yaşının 61 ilə 92 arasında olduğu bildirilib.
Niderlandda Qərbi Nil virusundan ölənlərin sayı 5-ə çatıb
RIVM-in açıqlamasında bildirilib ki, sentyabrın 17-dəki son məlumatdan bəri daha 16 nəfərdə Qərbi Nil virusu aşkarlanıb və daha bir nəfər həyatını itirib.
Nəticədə, bu il virus səbəbindən ölüm hallarının sayı 5-ə, ümumi yoluxma hallarının sayı isə 44-ə çatıb.
Bundan əlavə, bu il virusa yoluxduğu müəyyən edilən atların və quşların sayı müvafiq olaraq 136 və 171-ə çatıb. Kosovoda Qərbi Nil virusu diaqnozu qoyulan xəstə vəfat edib
Kosovo Universiteti Klinik Mərkəzinin (QKUK) Yoluxucu Xəstəliklər Klinikasının yazılı açıqlamasında qeyd olunub ki, 66 yaşlı xəstə sentyabrın 10-da meninqoensefalit diaqnozu ilə klinikaya yerləşdirilib.
Açıqlamada bildirilib ki, xəstə xəstəxanaya yerləşdirilməzdən əvvəl beş gün ərzində ambulator müalicə alıb və zəruri laborator müayinələr çərçivəsində aparılan Qərbi Nil virusu testi müsbət nəticə verib. Bildirilib ki, xəstənin səhhəti tədricən pisləşib və o, sentyabrın 15-də vəfat edib.
Belçikada yoluxma sayı 10-a çatıb
Ölkənin Flamand bölgəsində və paytaxt Brüsseldə Qərbi Nil virusu ilə əlaqəli olduğu ehtimal edilən yeni yoluxma hallarının aşkarlanması ilə Belçikada ümumi yoluxma sayı 10-a yüksəlib.
Bu il Xorvatiyada 15 Qərbi Nil virusu yoluxması aşkarlanıb
Xorvatiya İctimai Səhiyyə İnstitutunun yazılı açıqlamasında qeyd olunub ki, ölkədə Qərbi Nil virusu səbəbindən ölüm halı qeydə alınmasa da, yoluxma sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Açıqlamada bildirilir ki, ilin əvvəlindən bəri ölkədə 15 Qərbi Nil virusu yoluxması aşkarlanıb və xəstələrdən 10-u virusla əlaqəli ağır klinik əlamətlər müşahidə edildikdən sonra xəstəxanaya yerləşdirilib.
Qərbi Nil virusu
Əsasən *Culex* cinsli ağcaqanadların dişləməsi yoluyla yayılan Qərbi Nil virusuna qarşı hazırda heç bir peyvənd mövcud deyil; buna görə də ağcaqanad dişləmələrindən qorunmaq tövsiyə olunur. Məlumatlara görə, ağcaqanad dişləməsindən sonrakı inkubasiya dövrü 2 ilə 14 gün arasında dəyişir, immun sistemi zəif olan şəxslərdə isə bu müddət 21 günə qədər uzana bilər.
Qeyd olunur ki, yoluxmuş şəxslərin təxminən 80%-də heç bir əlamət müşahidə edilmir, təxminən 20%-də isə hərarət, halsızlıq, ürəkbulanma və qusma, həmçinin baş və əzələ ağrıları kimi simptomlar ortaya çıxır.
Əvvəlcə yalnız Afrikada rast gəlinən bu virus sonradan bir çox Avropa ölkəsinə, xüsusilə Fransa, İtaliya, İspaniya və Portuqaliyaya yayılıb. Almaniyada 2019-cu ildən bəri hər il virusun yayılması halları (epidemik təzahürlər) müşahidə olunur.
Şayəstə





















