Rusiyanın Rostov vilayətindəki bir neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb. Həmçinin, ölkənin ən böyük neft emalı zavodlarından biri olan “Permnefteorqsintez”in yerləşdiyi Perm vilayətindəki sənaye zonasının da dron hücumuna məruz qaldığı bildirilib.
Elchi.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgədə gecə saatlarında baş verən dron hücumu ilə bağlı təfərrüatları əks etdirən yazılı açıqlama yayıb.
Slyusar hava hücumunun qarşısının alınması zamanı altı rayonda təxminən 50 dronun zərərsizləşdirildiyini bildirib; o, Novoşaxtinsk Neft Emalı Zavodunun zərər gördüyünü və müvəqqəti olaraq fəaliyyətini dayandırdığını qeyd edib.
Slyusar hücumdan sonra ərazidə xəsarət alanlar və ya dəyən ziyanla bağlı əlavə məlumat daxil olmadığını və araşdırmaların davam etdiyini bildirib.
Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiyada ötən ay səngiyən yanacaq təchizatı problemləri yenidən şiddətlənir və bu da ölkənin müxtəlif bölgələrində benzinə çıxışı getdikcə çətinləşdirir.
Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən çoxsaylı obyektlərdə təmir-bərpa işləri aparıldığı üçün bir çox bölgədə yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Rusiya hökuməti həmçinin dizel yanacağı və benzinin ixracını qadağan etmişdi.
Şayəstə





















