Avropa Birliyi Rusiyanın “belini qıracaq” sanksiyalar paketini tətbiq etdi
Sanksiyalar 5 banka, 3 neft şirkətinə, Müdafiə Nazirliyinə tabe olan 9 şirkətə tətbiq ediləcək; rus rublu sanksiyalardan bir neçə saat sonra dəyərini itirməyə başlayıb
Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları qüvvəyə minib. Sentyabrın 12-də Avropa Birliyinin saytında Avropa Birliyinin Rusiyanın hansı şirkətlərinə qarşı sanksiyalar paketi tətbiq etməsi haqqında informasiya yayılıb.
Sənəddə göstərilir ki, sanksiyalar 5 banka, 3 neft şirkətinə, Müdafiə Nazirliyinə tabe olan 9 şirkətə tətbiq ediləcək. Bundan sonra Avropa Birliyi “Uralvaqonzavod”, “Oboronprom”, “OAK” Aviatikinti Birliyi ilə ticarəti dayandırır. Sentyabrın 12-dən adı siyahıda olan bütün şirkətlərə Avropa məhsullarının idxalı dayandırılıb.
Avropa Birliyi “Rosneft”, “Transneft”, “Qazpromneft” yanacaq-energetika şirkətləri ilə uzunmüddətli maliyyə yatırımı tələb edən layihələrə də qadağa qoyub. Buna qədər imzalanan müqavilələrə sentyabr ayının sonunda bir daha baxılacaq. Bəzi müqavilələrin birtərəfli qaydada ləğv edilməsi də mümkündür.

Avropa Birliyi “Sberbank”, BTB, “Qazprombank”, BEB, “Rosselxozbank”la əməkdaşlığa da son qoyur. Bundan sonra Avropa Birliyi bu bankların heç birinə kredit ayırmayacaq, onlarla müddəti 30 günü aşan qiymətli kağız əməliyyatları aparılmayacaq.
Bu iqtisadi sanksiyalarla yanaşı Rusiyanın 24 vətəndaşının adı Avropa Birliyinin “qara siyahısı”na salınıb. Bununla da Avropa Birliyinin sanksiyalar tətbiq edilən vətəndaşlarının sayı 119-a çatıb. Ukraynaya hərbi təcavüz üçün xüsusi məsuliyyət daşıyan bu şəxslərin Avropa Birliyi ölkələrinə giriş-çıxışı dayandırılıb, onların Avropa Birliyindəki bank hesabları dondurulub.
Onu da vurğulayaq ki, sanksiya tətbiq edilən şəxslər sırasında Duma üzvü Vladimir Jirinovskinin, Dövlət Dumasının vitse-spikerlərinin də adı var. Siyahıda özünü “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikası”nın lideri elan etmiş Ukrayna vətəndaşları da var.
Avropa Birliyinin sanksiyaları qüvvəyə minəndən bir neçə saat sonra Rusiya iqtisadiyyatına təsir etməyə başlayıb. Artıq günorta saatlarında birjalarda Rusiya şirkətlərinin aktivləri ucuzlaşmağa başlayıb. Bu ucuzlaşmanın ardınca Rusiya rublu da dəyərdən düşməyə başlayıb.
Oland Putin-Poroşenko görüşü təklif edir; Ukrayna prezidenti Donetsk və Luqanskda seçkiyə hazırlaşır |
Sentyabrın 11-də dollara nisbəti 30,71 qəpik olan rubl sanksiyaların tətbiqindən bir neçə saat sonra 38 qəpiyə yaxınlaşıb. Cümə günü günorta saatlarında Rusiya Mərkəzi Bankı avronun da məzənnəsinin yüksəldiyini rəsmən təsdiq edib.
Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiqi ilə yanaşı Rusiyanın Ukraynaya təcavüzünə danışıqlar yolu ilə son qoymağın yollarını da arayır. Sentyabrın 12-də Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroşenkonun görüşünü təşkil etməyə hazır olduğunu deyib.
Görüş üçün Fransanın ev sahibliyini gündəmə gətirən Fransua Olland ötən həftə Minskdə əldə edilən atəşkəs anlaşmasının daha da dərinləşdirməsi üçün prezidentlərin görüşünə ehtiyac olduğunu dilə gətirib.

Bu haqda informasiya yayan Fransa prezident administrasiyası bildirib ki, yaxın günlərdə prezident Olland bu məsələni rusiyalı və ukraynalı həmkarı ilə müzakirə etməyi planlaşdırır. Xəbərdə o da bildirilir ki, görüşün təşkilinə Almaniya da dəstək verməyə hazırdır. Görüşlə bağlı Olland-Merkel razılaşması artıq baş tutub.
Fransa prezidentinin administrasiyası bildirir ki, müzakirə ediləcək məsələlər sırasında ilk yeri əsirlərin qarşılıqlı dəyişdirilməsi tuta bilər. Fransa görüş baş tutarsa, NATO qüvvələrinin Rusiya-Ukrayna sərhədinə nəzarət etməsi məsələsini də gündəmə gətirmək fikrindədir. Xəbərdə bir neçə həftəlik müzakirələrdən sonra NATO ölkələrinin bu haqda ortaq məxrəcə gəldiyi açıqlanıb.
Bu arada Ukrayna Silahlı Qüvvələri Rusiyanın atəşkəs rejimini yenidən pozması ilə bağlı xəbər yayıb. Sentyabrın 11-dən 12-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetsk və Luqanskda Ukrayna Ordusunun mövqlərini, eyni zamanda mülki binaları atəşə tutub. Qarşılıqlı atışmalar bir neçə saat davam edib, həlak olanlarla bağlı informasiya verilmir.
“İnformastor” saytı yazır ki, Luqanskda vətəndaşların evini yağmalayan Rusiya qoşunları onları zorla evlərindən çıxmağa məcbur edir. Şahidlər deyir ki, sentyabrın 11-də şəhərdə bir neçə şəxsi mülk zəbt olunub. Ev sahiblərini silah gücünə evdən çıxaran Rusiya hərbçiləri orada özləri yerləşir. Bir neçə şəxsi mülkdən isə hospital və əsirlərin saxlanması üçün istifadə olunur. Rusiya hərbçiləri Luqansk və Donetskdən köçmək istəyənləri də hədəf alıb.
Köç maşını görünən evlərə notarius göndərən Rusiya Silahlı Qüvvələrinin əraziyə nəzarət edən bölmələri vətəndaşlardan Ukraynanın digər şəhərlərinə köçəcəkləri təqdirdə evlərini “milliləşdirməyi” “təklif edir”. Bu təklifə etiraz edən bir neçə Ukrayna vətəndaşı ailəsini gözü qarşısında güllələnib. Bəziləri isə canlarını qurtarmaq üçün notarius təqdim etdiyi sənədlərə qol çəkmək məcburiyyətində qalıb.

Ali Radada çıxış edən Ukrayna Prezidenti Petro Poroşenko Avropa Birliyinin Rusiyaya sanksiyalar paketi tətbiq etməsini alqışlayıb. Prezident Poroşenko deyib ki, demokratik dünya beynəlxalq hüquq normalarının pozulmasına hüquq dili ilə cavab verib.
Cəbhə bölgəsindəki durum haqqında danışan Ukrayna Silahlı Qüvvələrinin Ali baş komandanı deyib ki, Luqansk və Donetski azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq gedir: “Biz atəşkəs rejiminə əməl edirik və edəcəyik. Ancaq atəşkəs rejimi günahsız insanların qanının axıdılmasının durdurulması ilə yanaşı Rusyanın işğal etdiyi ərazilərdən keçirilməsi üçün qazandığı vaxtdır. Biz Ukrayna torpaqlarını heç bir şərt daxilində güzəştə getməyəcək və son işqal edilən ərazilərin azad edilməsi üçün mümkün olan hər addımı atacağıq. Mənim ölkəmin suverenliyi heç bir zaman təhlükə altına düşə bilməz”.
Ali Radadakı çıxışında prezident Petro Poroşenko dövlət idarəçiliyinə düzəlişlər edilməsi üçün konstitusyon dəyişikliklər də təklif edib. Prezident yerli idarəetmə orqanlarına növbədənkənar seçkilər keçirilməsinə də zərurət yarandığını deyib: “Yalnız bu yolla biz düşdüyümüz böhrandan çıxa bilərik. Biz əlaqə yarada biləcəyimiz, Ukrayna üçün çalışan şəxsləri yerlərdə vəzifəyə gətirməliyik. Seçkilər Donekstdə və Luqanskda da keçirilməlidir. Biz Donetskdə və Luqanskda Ukraynanın ərazi bütövlüyü üçün həyatını təhlükəyə ataraq mübarizə aparan şəxslərə səlahiyyət verməliyik”.
Aygün Muradxanlı