XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.
Elchi.az xəbər verir ki, mətbuat konfransında çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri yeni ədəbi mühitin formalaşdırılması, ədəbiyyatın sənayeləşdirilməsi və kitab sənayesinin təkmilləşdirilməsidir.
“Nə yaxşı ki, bu çətin vəzifə bizim payımıza, bizim dövrümüzə düşüb. Ona görə ki, indiyədək ədəbi prosesdə və ədəbiyyatın sənayeləşməsində yazıçının, naşirin və kitab sahibinin hüquq və öhdəlikləri tam şəkildə tənzimlənməyib. Mədəniyyət Nazirliyinin həyata keçirdiyi islahatlarla birlikdə qanunvericilik məsələləri, hüquqi anlayışlar və iqtisadi münasibətlər də atdığımız addımlar nəticəsində dövlətçilik zəminində təşkilatlanacaq və tənzimlənəcək”, – deyə o bildirib.
Daha sonra çıxış edən mədəniyyət nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə kitabın dünyada tanıdılmasının əhəmiyyətindən danışıb.
O qeyd edib ki, kitabın dünyada tanıdılmasının arxasında duran əsas güc özümüzü tanımağımızdır. Biz özümüzü tanımadan heç vaxt xaricdə tanıda bilməyəcəyik.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycan ədəbiyyatının xaricdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində fəaliyyətin həyata keçirilməsidir.
Bu prosesdə ən önəmli məsələlərdən biri kitab sərgiləridir. Bildiyiniz kimi, hər il beynəlxalq kitab sərgisi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur. Bu sərgidə kitab sənayesinin həm xarici, həm də yerli iştirakçılarının böyük bir qismi təmsil olunur və onlar bu prosesdə kifayət qədər fəal iştirak edirlər”, – deyə Vasif Qurbanzadə bildirib.




























