Bir neçə müddətdir ki, bölgədə müəyyən proseslər baş verir. İran və Ermənistanın Azərbaycana qarşı yenidən aktivləşməsi və bu aktivliyə Hindistanın da qoşulduğunun şahidi oluruq. Məlumdur ki, 44 günlük Savaşdan sonra imzalanan üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas şərtlərindən biridir. Lakin nə Ermənistan, nə də İran Zəngəzur dəhlizinin açılmasını heç cür qəbullanmaq istəmir və bunun üçün də müxtəlif yollara əl atırlar.
Bu gün ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək danışıqlar aparması da məhz bölgədə baş verən son olaylarla bağlı idi. Məlumdur ki, Zəngəzur dəhlizi və digər infrasturuktur layihələrinin icrasında Gürcüstanın də özünəməxsus rolu var.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ölkə başçısının Gürcüstan səfəri ilə bağlı fikirlərini Elchi.az-la bölüşüb.
O, qeyd edib ki, Prezidentin region siyasət baxımından atdığı addımlar bölgədə yeni mərhələnin möhkəmlənməsinə hesablanıb. Bu da onunla əlaqədardır ki, bölgədə Azərbaycansız heç bir layihə ola bilməz:
“Azərbaycan bütün layihələrin mərkəzidir. Bu mənada ölkə başçısının atdığı addımlar bizə imkan verir ki, regional siyasətin konturlarını müəyyən edə bilək. Bu xüsusda isə əsas məsələ Azərbaycanın enerji siyasətidir. Dünyanın iqtisadi əlaqə zəncirinin bərpası da əsas məqamlardan biridir. Bu mənada Azərbaycan çox mühüm istiqamətlərdə irəliləməkdədir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını prioritet kimi qəbul edib. Hesab edirəm ki, prioritetlər də digər reallıqları doğurur. Bölgədəki bəzi ölkələr Zəngəzur dəhlizinin açılmasına qarşı ciddi təpki verməkdədirlər. Bu təpkilər içərisində İran və Ermənistanın Hindistanla birgə alternativ yol kimi ortaya atdıqları yolu qeyd edə bilərik. Məlumdur ki, bu yol Ermənistan ərazisindən Avropaya Gürcüstandan keçəcək. Gürcüstandan gedən yol isə Poti limanı ilə gəlib çıxan yoldur və mütləq şəkildə İstanbul boğazlarına möhtacdır. Yəni Azərbaycan əleyhinə siyasət həyata keçirirlərsə, bu siyasət Gürcüstan vasitəsilə bloklanır. Prezidentin bu günkü siyasi səfərinin də mahiyyəti bundan ibarət idi: Regiona dair klid ölkələr Azərbaycan, Türkiyə və Gürcüstandır, onun alternativində ortaya qoyulacaq digər alternativlər qəbuledilməzdir. Çünki bu gün Ukrayna-Rusiya müharibəsi nəticəsində dünyanın iqtisadi idxal-ixrac zənciri pozulub. Bunun üçün də Şərqlə-Qərb arasında, yəni Sakit Okenla Atlantik Okean arasında quru sərhədlər Ukrayna-Rusiya müharibəsinə görə mümkünsüz hala gəlib. Bu mənada artıq resursların idxal və ixracı əvvəlki illər və aylarla müqayisədə 5-10 qat bahadır, bu bahalıq da dünyada iqtisadi problemlər nəticəsində siyasi təlatümlərə gətirib çıxarır. Bu mənada ən optimal yol gəlib Azərbaycandan keçən yoldur, yəni Zəngəzur dəhlizidir. Bu dəhlizin açılmasına bütün dünya müsbət baxdığı halda, İran, Hindistan və Ermənistan yox deməkdədir. Ölkə başçısının bu günkü səfəri də Zəngəzur dəhlizinə “yox” deyən qüvvələrin son arqumnetlərinin əlindən alınması idi”.
Yeganə