Yanvarın 2-də Tokionun Haneda hava limanında 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzadan sonra Yaponiya iki təyyarənin toqquşduğu yeni qəzanın şahidi olub.
Elchi.az xəbər verir ki, Yaponiyanın Hokkaydo şəhərində uçuş-enmə zolağında iki təyyarə toqquşub.
Yaponiyanın NTV televiziyası qəzada xəsarət alanların olmadığını açıqlayıb.
Bildirilib ki, qəza zamanı havaya qalxmağa hazırlaşan Koreya Hava Yollarına məxsus təyyarə park edilmiş Cathay Pacific təyyarəsinə çırpılıb.
Koreya Hava Yollarının rəsmisi qış şəraiti və qar səbəbindən baş verən qəzada iki təyyarənin qanadlarının toqquşduğunu qeyd edib.
Yanvarın 2-də göyərtəsində 300-dən çox sərnişinin olduğu sərnişin təyyarəsi Tokionun Haneda hava limanına eniş zamanı uçuş-enmə zolağında olan Sahil Mühafizəsinin təyyarəsinə çırpılıb və yanıb. Yanan təyyarədəki sərnişinlər son anda təxliyə edilərək xilas edilərkən, parçalanan kiçik təyyarədə olan 5 nəfər həyatını itirib.
Nuranə Məmmədova