Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə “strukturlaşdırılmış, institusional və yoxlanıla bilən” demokratik keçid prosesinin başladığını elan edərək, xalqının diplomatik əlaqələri bərpa etmək istiqamətində çalışdığını qeyd edib.
Elchi.az xəbər verir ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən Rodriges bildirib ki, Venesuela bu il iki əsas çətinliklə üzləşib: ABŞ ilə mübahisədən irəli gələn “siyasi böhran” və iyunun 24-də baş verən zəlzələlər.
Rodriges qeyd edib ki, “həyatın acı zərbələrinə baxmayaraq”, Venesuela bu gün “yenidən doğulur”.
Venesuela ilə ABŞ arasında bu yaxınlarda imzalanmış sazişə toxunan Rodriges, bu razılaşmanı iki ölkə arasında indiyədək imzalanmış “ən mühüm sazişlərdən biri” kimi xarakterizə edib.
O, Venesuelada seçkilərin keçiriləcəyini elan edib.
“Venesuelanın ölkənin yenidən doğuşunu təmin etmək məqsədilə demokratik keçid prosesinə başladığını elan etməkdən məmnunam”, – deyən Rodriges əlavə edib ki, bu, “strukturlaşdırılmış, institusional və yoxlanıla bilən bir proses” olacaq.
Prosesin dövlət qurumlarına yenidən baxılmasını, məhkəmə islahatlarını və müxalif qruplarla dialoqu əhatə edəcəyini qeyd edən Rodriges, “Seçkilər keçiriləcək” bəyanatını verib.
Rodriges bütün tərəflərin “bərabər şərtlərlə” rəqabət aparmasını təmin etmək üçün siyasi danışıqların davam etdiyini bildirib və beynəlxalq ictimaiyyəti Venesuelanın suverenliyinə hörmət edərək bu prosesi dəstəkləməyə çağırıb.
Süni intellekti “texnoloji inqilab” kimi xarakterizə edən Rodriges bildirib ki, düzgün istifadə edildiyi təqdirdə, süni intellekt “insanların həyatında misli görünməmiş irəliləyişlərə” səbəb olacaq.
Rodriges vurğulayıb ki, süni intellektin nəzərdə tutulan məqsəddən yayınmamasını təmin etmək üçün hökumətlərin və texnologiya sektorunun üzərinə böyük məsuliyyət düşür.
Şayəstə





















