Zelenski Ukraynanın tərəfdaşlardan raketləri “damcı-damcı topladığını” bildirib
Elchi.az xəbər verir ki, Nyu-Yorkda keçirilən brifinq zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin tərəfdaşlardan raketləri “damcı-damcı topladığını” açıqlayıb. RBC-Ukrayna onun bu sözlərini “Telegram” kanalında yayımlayıb.
Siyasətçinin sözlərinə görə, Ukraynaya raketlər “yüzlərlə və ya minlərlə deyil, bir-bir və ya iki-iki” gəlir və bununla bağlı razılaşmalar işçi qrupları tərəfindən deyil, şəxsən dövlət başçıları səviyyəsində əldə edilir.
“Bu, elə bir məhsuldur ki, böyük qıtlıq və yüksək qiymət xüsusiyyətlərinə malikdir”, – deyə Zelenski izah edib.
Prezident əlavə edib ki, genişmiqyaslı yardım göstərməyə qadir olan yeganə ölkə ABŞ-dır və o, Yaxın Şərqdəki müharibə səbəbindən yaranan raket çatışmazlığına baxmayaraq, Prezident Donald Trampdan bu xahişi yerinə yetirməsini istəyir.
Zelenski bir gün əvvəl Trampla görüşmüşdü. Jurnalistlər ABŞ liderinə yenidən Ukraynada “Patriot” sistemləri üçün raket-əleyhinə raketlərin istehsalı imkanı barədə sual veriblər. ABŞ lideri tərəflərin bu məsələni müzakirə etmək niyyətində olduqlarını təsdiqləyib.
Bununla belə, görüşdən sonra Zelenski bildirib ki, həmsöhbətindən bu xahişlə bağlı konkret cavab almayıb. Ukrayna lideri hava hücumundan müdafiə sistemləri üçün raketlərin təmin edilməsi məqsədilə müxtəlif razılaşma variantlarına açıq olduğunu qeyd edib.
Danışıqlardan sonra ABŞ prezidenti həmçinin bildirib ki, Rusiya və Ukrayna razılığa gələ bilərlər və o, Rusiya lideri Vladimir Putinlə növbəti görüş ehtimalını istisna etməyib.
Şayəstə





















