Vasif Talıbov bu hakimə görə Konstitusiyanı heçə sayıb- FAKT

35

Vasif Talıbov öz adamını hakim təyin edərkən Konstitusiyanın tələblərinə əməl etməyib.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Amma Vasif Talıbovun kadrlarına Konstitusiyanın tələbləri keçərli deyilmiş.

Məsələn, Əliyev İslam Əli oğlu – 1970-ci il təvəllüdlüdür, 2000-ci ildə, yəni 30 yaşında Ali təhsil diplomu alıb, amma hüquqşünas ixtisası üzrə iş təcrübəsi nədənsə 1999-cu ildən hesablanır. 2003-cü ildən Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunub. 2007-ci ildə- 37 yaşında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunur.

Onun Vasif Talıbovun yaxın adamı olması heç kimə sirr deyil.

Çünki Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 44-cü maddəsinin VI bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

İslam Əliyevin hakim təyin olunmasını istəyən Vasif Talıbov Konstitusiyanın tələblərini heçə sayır. Beləliklə, İslam Əliyevin iş təcrübəsi 5 il yox, 4 il hesablanır. O, hakim təyin edilərkən Konstitusiyanın tələbinə əsasən hüquqşünas ixtisası üzrə 5 il iş təcrübəsinə malik olmalı idi.

Bu barədə vahid məhkəmə portalında da məlumat əldə etmək mümkündür.

Rəsmi portalda qeyd edilir ki, İslam Əliyev 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2003-cü ildə isə Naxçıvanda Ali Məhkəmənin hakimi təyin edilib. Hazırda isə Yasamal Rayon Məhkəməsinin sədridir.