Türkiyənin yeni baş naziri...

🗓 21.08.2014 10:04 ✍️ "Elçi" qəzeti

Ərdoğana yaxınlığı ilə seçilən xarici işlər nazirinin keçid dövrü üçün - 2015-ci il seçkilərinə qədərimg1618741 hökumətə rəhbərlik edəcəyi bildirilir, sonrakı mərhələdə isə AKP-yə yeni lider lazım olacaq

Türkiyənin yeni baş naziri hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacaq. Bu barədə bu həftə səlahiyyətləri başa çatan prezident Abdullah Gül açıqlama verib. Ötən gün Çankaya köşkündə Gül iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçləri ilə vida mərasimi keçirib.

A.Gül bildirib ki, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. Abdullah Gül bildirib ki, prezident üsul-idarəsinin yaranmasına qarşıdır. Eyni zamanda səlahiyyət müddəti başa çatdıqdan sonra Ankaranı tərk edərək İstanbula köçəcəyini bildirib.
Qeyd edək ki, Ərdoğanın prezident seçilməsindən sonra əsas diqqət Türkiyənin yeni hökumət başçısının kim olacağına yönəlib. Hazırkı qanunlara görə Türkiyədə hökumətə rəhbərlik baş nazirə məxsusdur və hökumətə başçısı hələ də üstün səlahiyyətlərə malikdir. Belə bir vəziyyətdə hökumət başçısı postuna məhz Davudoğlunun gətirilməsi xeyli dərəcədə maraq doğurur. yeri gəlmişkən, qeyd edək ki, hazırkı prezident A.Gül baş nazir olmağa iddialı olsa da, Ərdoğanın AKP-nin növbəti qurultayını prezident inauqurasiya mərasimindən bir gün əvvələ təyin etməsi Gülün qurultayda iştirak edərək AKP-yə bərpa olunmaq və rəhbərliyə seçilmək imkanlarının üzərindən xətt çəkir. Eyni zamanda Ərdoğan bəyan edib ki, özündən sonra AKP sədri və baş nazirin eyni şəxslər olmasını istəyir, iki əlavə seçki keçirməyə gərək yoxdur. Bu isə faktiki olaraq Gülün partiyaya və baş nazirliyə gedən yolunu bağlayıb.
Qeyd edək ki, hələ seçkidən əvvəl də Davudoğlu baş nazirliyə Ərdoğanın əsas namizədlərindən biri hesab olunurdu. Çünki bu şəxs uzun illər Ərdoğanın xarici siyasət məsləhətçisi olub, son illərdə AKP hökumətinin xarici siyasət fəaliyyətinə rəhbərlik edib. Eyni zamanda fikri və ideya baxımından Ərdoğanla eyni görüşləri paylaşır. Həmçinin daha əvvəl siyasi karyerası olmayan Davudoğlunun Ərdoğana sadiq kadr olduğu bildirilir. Bu mənada Davudoğlu baş nazir postuna Ərdoğanın ən çox etimad göstərəcəyi şəxsdir. Həmçinin, mövzunu qəzetimizə şərh edən ekspertlər Davudoğlunun namizədliyinin həm də AKP daxilində parçalanmanın qarşısını almaq üçün ən uyğun variant kimi qeyd edirdilər.
Davudoğlu hazırda baş nazirliyə ən real namizəd sayılmasının iki səbəbi var. Birincisi, Ərdoğanın prezident olmasından sonra ABŞ və AB Davudoğlunu Güldən sonra işləyə biləcəkləri ən uyğun namizəd kimi görürlər. Habelə, prezident seçkilərindən sonra Ərdoğana qarşı yeni müxalif cəbhənin açılmasının qarşısı yalnız bu yolla alına bilər. Çünki Ərdoğan və Davudoğlunun xarici siyasət və daxili siyasətlə bağlı baxışları yaxındır. Davudoğlunun daha bir üstünlüyü onun partiya daxilindəki Gül tərəfdarlarının səsini ala bilməsidir. 2015-ci il seçkilərinədək AKP-də ən uyğun namizəd Davudoğludur.
Ancaq gələn il Türkiyədə parlament seçkiləridir və bu seçkilər zamanı AKP-yə daha güclü və xarizmatik lider lazım gələcək. Çünki Ərdoğan faktiki olaraq partiya fəaliyyətindən kənarlaşacaq, gərgin keçən seçki kampaniyasını aparmaq, partiya daxilində birliyi saxlamaq, eləcə də seçkilərdə qalib olmaq üçün daha fəal, güclü liderin AKP-nin başına gətirilməsi lazımdır. Davudoğlu isə bu parametrlərə uyğun deyil. Bu səbəbdən müşahidəçilərə görə, Davudoğlu baş nazir təyin olunsa belə, bu, gələn ilin ortalarına qədər olan müddətə qədər davam edəcək.
Bundan sonra isə AKP daxilində kompromis saxlanılmaqla yeni bir lider seçiləcək, əks halda partiyada çatların yaranması qaçılmaz olacaq. Yeri gəlmişkən, 2015-ci ildə AKP-nin lideri və baş nazirliyə namizəd Abdullah Gül də ola bilər. AKP daxilində Gülün çoxlu sayda tərəfdarı var, eyni zamanda partiyanın qurucularından biri kimi Gülün birinci posta iddiası normal qəbul olunur. Ancaq Gülün son illərdə Ərdoğanla münasibətlərində soyuqluğun yaranması onun AKP rəhbərliyinə gedən yolda əsas maneədir. Gülün AKP-ya qayıdışı yalnız Ərdoğanla yenidən razılaşma əldə etməsindən asılı olacaq.
 

Bənzər yazılar