ABŞ prezidenti Donald Tramp İsrail ilə İran arasında əldə olunan atəşkəslə bağlı “İsrail ilə İran arasında atəşkəs başlayıb, xahiş edirəm onu pozmayın” açıqlaması verib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabından İsrail və İran arasında əldə olunan atəşkəslə bağlı yeni açıqlama verib. Truth Social platformasında paylaşım edən Tramp atəşkəsin rəsmi olaraq qüvvəyə mindiyini açıqlayıb və tərəflərə xəbərdarlıq edib. “Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm onu pozmayın” deyən Tramp mesajının sonunda özünü “Amerika Birləşmiş Ştatlarının Prezidenti” kimi imzalayıb.
Başqa bir açıqlamada Tramp bildirib ki, İsrail və İran sülhün bərqərar olması ilə bağlı onunla demək olar ki, eyni vaxtda əlaqə saxlayıb. Prosesin sonunda ən çox qazananların dünya və Yaxın Şərq xalqları olduğunu vurğulayan Tramp, “Hər iki ölkə gələcəkdə böyük sevgi, sülh və rifah görəcək” dedi.
Sülhün qorunub saxlanmasının vacibliyinə diqqət çəkən Tramp, tərəflərin haqq və dürüstlük yolunda qaldıqları təqdirdə çox şey qazanacaqlarını, əks halda bunun əvəzini ağır ödəyə biləcəklərini bildirib. Bəyanatını “Allah hər ikinizi qorusun” sözləri ilə yekunlaşdıran Tramp tərəfləri atəşkəsin daimi olması üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Şayəstə Hüseynova


















