2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin rəsmi İrəvan bu günə kimi həmin bəndi yerinə yetirməyib.
Qazaxın 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Görəsən, 2 gün öncə Brüsseldə Əliyev və Paşinyan arasındakı danışıqlardan sonra bu məsələ həllini tapa bilərmi?
Brüssel görüşünün verəcəyi faydalara pessimist yanaşdığını deyən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Elchi.az-a açıqlamasında bildirib ki, Ermənistan 30 il ərzində tətbiq etdiyi taktikanı yenə də davam etdirir.
T.Zülfüqarovun sözlərinə görə, İrəvan üzərinə hansısa öhdəlikləri götürsə də, bu öhədliklərin icrasından boyun qaçırmağa davam edir:
“Açıq deməliyik ki, burada Ermənistana köməklik edən Rusiya və bəzi qərb ölkələri var. Çünki onlar müharibənin nəticələrini qəbul edə bilmirlər. Təbii ki, təbliğatımızı aparmaq və diplomatik təziylər göstərməyimiz üçün hər bir görüşü öz xeyrimizə istifadə etməliyik. Lakin başa düşməliyik ki, müharibədə olduğu kimi yenə də vəziyyəti dəyişdirən Azərbaycan əsgəri olacaq. Sadəcə olaraq bunun üçün lazımi şərait yaradılmalıdır”.
Sabiq XİN başçısı qeyd edib ki, Qazaxın 7 kəndinin qaytarılması ilə bağlı məsələ ümumi durumla bağlı olan bir mövzudur:
“10 noyabr 2020-ci il sənədinin ilk versiyasında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması qeyd olunmuşdu. Sonra isə guya ki, bu durumun Ermənistanda böyük narazılığa səbəb olacağı deyildi və bu məsələ sanki sənəddən çıxarıldı. Amma razılıq mövcud idi, daha doğrusu Azərbaycan Ermənistanı məcbur etdi ki, adıçəkilən kəndləri qaytarsın. Lakin sonra Ermənistan əvvəlki məkrli siyasətini davam etdirdi. Buna təəcüblənməli deyilik. Ümumiyyətlə, bu, siyasətdə və diplomatiyada həmişə tətbiq olunan üslübdür. Bəli, danışıqlara razılıq verirlər, lakin danışıqlar zamanı elə şərtləri ortaya çıxarırlar ki, heç bir nəticə əldə olunmur. Necə ki, 30 il ərzində də belə idi”.
Yeganə