Son günlər İran-Ermənistan arasında növbəti yaxınlaşmanın şahidi oluruq. Əslində bu durum ölkəmizin ictimai-siyasi mühitində o qədər də təəccüblü qarşılanmır. Çünki istər 44 günlük müharibə dövründə, istərsə də müharibədən əvvəl və sonra, bir sözlə, İran hər zaman Azərbaycana qarşı qısqanclıqla yanaşıb və bunun müqabilində ermənipərəst siyasət yürüdüb.
Qısa bir xatırlatma verək: Bir neçə gün öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qafanda konsulluğun açılış mərasimində Ermənistanla bağlı diqqətçəkən açıqlamalar vermişdi. İkitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov İranın son zamanlarkı davranışı ilə bağlı şəxsi Feybsuk hesabında maraqlı məqamlara toxunub. Elchi.az parlament üzvünün açıqlamasını olduğu kimi təqdim edir:
“Azərbaycan Rusiyaya nota verib. İran diplomatları isə Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edirlər. Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir. Amma məsələ eyni zamanda bütövlükdə Türk dünyasının güclənməsi ilə bağlıdır. Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmırlar.
Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilincə ənənəvi Türk düşmənləri daha aktivləşirlər. Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər.
Strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Bu güc bəzilərini narahat etməkdədir. Amma Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”.
Yeganə