Qana və BƏƏ yeni texnologiya mərkəzi ilə gələcəyə addım atır

Qana və Birləşmiş Ərəb Əmirlikləri rəqəmsal transformasiya məqsədlərinə uyğun olaraq 1 milyard dollar dəyərində texnologiya və innovasiya mərkəzi yaratmaq üçün müqavilə imzalayıblar.
Elchi.az xəbər verir ki, Qananın rabitə, rəqəmsal texnologiyalar və innovasiyalar naziri Samuel Nartey Corc və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Limanlar, Gömrük və Azad Zona Korporasiyasının (PCFC) prezidenti Sultan Əhməd Bin Sulayem Qananın paytaxtı Akkrada 1 milyard dollar dəyərində texnologiya və innovasiya mərkəzinin yaradılması haqqında saziş imzalayıblar.
İmzalanma mərasimindən sonra danışan nazir Corc, razılaşmanın Qananın rəqəmsal gələcəyini formalaşdırmaq üçün atılan "cəsarətli" addım olduğunu söylədi və əlavə etdi: "Bu mərkəz sərmayənin yaradıcılıqla görüşdüyü bir məkan olacaq. Qana gəncləri artıq xaricdə deyil, öz torpaqlarında imkanlar tapacaqlar."
Corc bu təşəbbüsün hökumətin “Bir Milyon Kodçu” proqramına töhfə verəcəyini də bildirdi.
Sulayem, müasir dünyada sərvət mənbəyinin ideya istehsal və həyata keçirmə qabiliyyəti olduğunu vurğulayaraq, "Qana Qərbi Afrikada istehsal və paylama mərkəzi olmaq potensialına malikdir" dedi.
Şayəstə Hüseynova