"Azərenerji": 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Azərbaycanda elektrik enerjisinə görə, 1 kvadratmetr sahə üçün 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub.
Elchi.az xəbər verir ki, “Azərenerji” ASC-nin Texniki istehsalat idarəsinin rəisi Vaqif Tağıyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.
"1 kvadratmetr yaşayış sahəsinin isidilməsi üçün iki normativ var. 1990-cı illərdən sonra tikilib istifadəyə verilmiş binalarda istilik izolyasiyaları var. 1990-cı illərə qədər tikilən binalar isə panel evlərdir. 1-ci kateqoriya üzrə hər mövsümdə 1 kvadratmetr sahə üzrə 60-80 kVt/saat, 2-ci kateqoriya üzrə isə hər mövsümdə 1 kvadratmetr sahə üzrə 150-200 kVtsaat elektrik enerjisi tələb olunur. Ümumiyyətlə, hazırda istilik enerjisi ilə bağlı tariflər real tariflərdən 4-13 dəfə aşağıdır", - deyə o qeyd edib.