NATO ölkələrinin müdafiə nazirləri blokun Haaqa sammitinə hazırlıqları müzakirə edəcəklər

NATO ölkələrinin müdafiə nazirləri sabah Brüsseldə alyansın Haaqa sammiti üçün hazırlıqları yekunlaşdırmaq məqsədilə toplaşacaqlar.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində müttəfiqlər iddialı yeni hədəflər barədə razılığa gələrək alyansın çəkindirmə tədbirlərini artıracaq və müdafiəsini gücləndirəcəklər.
"Bu toplantıda biz böyük sıçrayış edəcəyik. Hava və raket müdafiəsi, uzaqmənzilli silahlar və logistika məsələləri hazırda blokun əsas prioritetləri arasındadır. Hər hansı təhdidlə üzləşməyə hazır olmaq və kollektiv müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox resursa, qüvvəyə, imkanlara ehtiyacımız var", - alyansın Baş katibi Mark Rutte qeyd edib.
Onun sözlərinə görə, yeni hədəfləri həyata keçirmək üçün müdafiə xərclərinin artırılmasına ehtiyac var: "Bu, bütün işlərin təməlini təşkil edir".