Rusiya prezidenti Vladimir Putin hökumətə 2023-cü ildə əhalinin əmək haqqının artırılması və yoxsulluğun azaldılması barədə göstəriş verib. O, doğum səviyyəsinin artırılması ilə bağlı da tapşırıqlar verib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Putin bu barədə Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasının yekunlarına dair sərəncamlar verib.
“Rusiya Federasiyasının 2030-cu ilə qədər olan dövr üçün milli inkişaf məqsədlərinə nail olmaq üçün tədbirlər həyata keçirərkən, 2023-cü ildə aşağıdakı məqsəd və hədəflərə nail olunmasına xüsusi diqqət yetirin:
Real əmək haqqının artımı;
yoxsulluğun və əhalinin gəlir bərabərsizliyinin azaldılması;
gözlənilən ömür uzunluğunun artması;
doğum nisbətinin artması”,- Kremlin saytında dərc olunan sərəncamın mətnində qeyd edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinə uşaqlı ailələrə dəstək üzrə əlavə tədbirlər kompleksini hazırlamaq tapşırılıb. Nazirlər həmçinin bu tədbirlərin səmərəliliyinin qiymətləndirilməsini təmin etməli, əlavə maliyyələşmənin mənbələrini və həcmini göstərməlidirlər. Hökumət fevralın 10-dək bu tapşırığı yerinə yetirməlidir.
Yeganə