İstanbulda uzun müddətdir insan alveri şübhəsilə beynəlxalq axtarışda olan 1981-ci il təvəllüdlü Özbəkistan vətəndaşı saxlanılıb.
Elchi.az xəbər verir ki, əməliyyat Özbəkistan və Türkiyə hüquq-mühafizə organlarının birgə əməkdaşlığı ilə keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan N. E. Özbəkistan Respublikası Cinayət Məcəlləsinin insan alverinə görə məsuliyyəti nəzərdə tutan 135-ci maddəsinin 3-cü hissəsi ilə axtarışda idi.
İstintaq qadını gənc qızları xaricdə yüksək maaşlı iş vədləri ilə aldadaraq Türkiyəyə aparmaqda şübhəli bilir. İşin materiallarına əsasən, orada zərərçəkənlərin pasportları əllərindən alınıb və onlar istismara məruz qalıblar.
Həbs Türkiyə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində aparılan əməliyyat-axtarış tədbirlərinin nəticəsi olub. Yeri müəyyən edildikdən sonra şübhəli şəxs İstanbulda saxlanılıb.
N. E. müəyyən olunmuş qaydada Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib. Hazırda onun barəsində istintaq və prosessual tədbirlər davam etdirilir.
Məryəm





















