Oktyabrın 2-də İsveçrə Federal Şurası ölkə şirkətlərinin Ukraynanın bərpasını dəstəkləməyə yönəlmiş səkkiz layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Layihələr Ukraynada filialları olan İsveçrə şirkətləri arasında keçirilən müsabiqə əsasında seçilib.
“Bu layihələr, həmçinin məqsədyönlü təlimlər və İsveçrə təcrübəsi sayəsində iş yerlərinin qorunub saxlanılmasına və yenilərinin yaradılmasına, eləcə də yerli mütəxəssislərin ixtisasının artırılmasına töhfə verməlidir. Eyni zamanda, bu layihələr İsveçrə şirkətlərinə Ukraynadakı fəaliyyətlərini və tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə imkan yaradır”, – deyə məlumatda bildirilir.
İsveçrə artıq Ukraynada davamlılığın artırılmasına yönəlmiş İsveçrə şirkətlərinin layihələrini maliyyələşdirir. Oktyabrın 2-də Federal Şura energetika, ictimai nəqliyyat və su təchizatı sahələrində ümumi məbləği 135 milyon İsveçrə frankı (162 milyon dollardan çox) olan daha səkkiz layihəni təsdiqləyib.
Qalib gələn şirkətlər layihə xərclərinin ən azı 10%-ni müstəqil şəkildə maliyyələşdirməlidir. Yekun seçim ölkənin ehtiyacları nəzərə alınmaqla Ukrayna hökuməti ilə əməkdaşlıq çərçivəsində aparılıb.
Məryəm





















