Rusiyanın səfərbərlik hazırlıqları ilə bağlı hərbi kəşfiyyat məlumatı əldə edilib. Rusiyanın daxili sənədləri də bunu təsdiqləyir: onlar səfərbərliyin payızda, saxta parlament seçkilərindən dərhal sonra həyata keçirilməsinə hazırlaşırlar.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
“Putin belə bir təəssürat yaratmaq istəyir ki, guya ruslar müharibəni dəstəkləyirlər. O, seçkilərdən sonra ilin sonunadək yüz minlərlə rusiyalının, gələn il isə eyni sayda insanın sürətli əlavə səfərbərliyini həyata keçirməyi planlaşdırır. Bu, hərbi müqavilələr vasitəsilə həyata keçirilməyə çalışılan çağırış tədbirlərinə əlavə olaraq nəzərdə tutulur.
Rusiyanın bu cür planları həyata keçirməsini mümkün qədər çətinləşdirmək məqsədilə öz fəal əməliyyatlarımıza hazırlaşırıq. Müvafiq tapşırıqları kəşfiyyat qurumlarımıza vermişəm”, – deyə o qeyd edib.
Yeganə





















