Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətrafında baş verən daşqın fəlakətində həyatını itirənlərin sayı 987-yə çatıb.
Elchi.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatı ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında ölkənin Çinlə sərhədi yaxınlığındakı bölgələrə təsir edən daşqınlarla bağlı açıqlama verib.
Bəyanatda daşqınlardan təsirlənən müxtəlif bölgələrdə həyatını itirənlərin sayının 987-yə çatdığı və 583-ü xarici vətəndaş olan 3916 itkin düşmüş şəxs üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.
Bəyanatda həmçinin axtarış-xilasetmə əməliyyatlarına 21011 təhlükəsizlik işçisinin cəlb edildiyi və daşqından təsirlənən bölgəyə yardım ləvazimatlarının göndərildiyi qeyd edilib.
Bu arada, Nepalda baş verən daşqınlar səbəbindən Çinin Tibet Muxtar Bölgəsində həyatını itirən insanların sayının 16-ya çatdığı bildirilib.
Mütəxəssislər buzlaqların çökməsinə işarə edirlər
26 avqustda Nepalın Rasuva bölgəsində baş verən daşqınlar onlarla körpünü dağıdıb, yolları zədələyib və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlərin cəlb olunmasına səbəb olub.
Daşqınlardan əvvəl bölgədə ilk dəfə zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaq çökməsi olduğunu bildirib.
Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqınların dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.
Şayəstə





















